12 Nisan 2012 Perşembe

Qapı

    Sükutla böyük dünyanı çərçivə ayırırdı. Bir tərəfdə sən və səndən qalanlar, digər tərəfdə sənsizlik və unutqanlıq məni özünə cəlb eləməyə çalışırdı. Sol tərəfdə körpə ümid, səmimi kədər və hıçqırtı, sağ tərəfdə isə saxta sevincin elçisi saxta gülüşlərin səsi gəlirdi. Nədənsə sol tərəfin səsləri mənə sükut qədər həzin, sağ tərəfon səsləri isə gurultu qədər narahat və qorxulu hisslər bəxş edirdi. Heyf ki sol tərəfə gedə bilməzdim, çünki...

Həyat köhnə binaların bloklarına bənzəyirdi-evin içi nə qədər işıqlı və sakit idisə, bayır bir o qədər qaranlıq və gurultuya bürünmüşdü. Bayırdakı hər kəs evinə getmək istəyirdi, amma nəfs-bayırdan nəsə qoparmaq ehtirası onları evlərindən uzaqlaşdırırdı. Heç kəs daxmada yaşamaq istəmədiyindən hər kəs küçələrdə həyat sürürdü. Hər kəs evindən utanırdı deyə heç kəs sevə bilmirdi. Onlar evlərinə yalnız yatanda gəlirdilər. Onlar küçələrdən ancaq öləndə, və ya ölmək istəyəndə istirahət edirdilər. Ona görə də binalardan işıq və hənirti duyulmurdu. Hər kəs evindəkilərdən-körpə ümid, kədər və hıçqırtıdan xəbərsiz küçələrdə veyillənirdi. Amma mən onları görürdüm və eşidirdim. Çünki mən...
Zəlzələlər küçələri, binaları dağıdırdı. İnsanlar diri-diri torpağa gömülürdülər. Kədər və hıçqırtıları ümidlərini unudub çərçivələrə sığınırdılar. Ümidləri hər şeydən xəbərsiz beşiklərində yellənirdilər. Tanrı körpələri qoruyur, ona görə də onlar dağıntıların altında belə ölmürdülər. Mənsə həm kədərlənirdim, biraz da sevinirdim. Axı mən çərçivəsində ümidi, kədəri və hıçqırtını qoruyan qapı idim.

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | GreenGeeks Review