6 Ekim 2011 Perşembe

Aqşin Evrən: +18


(Qəti qadağandır)

Ester öz ailəsinə, xüsusilə də doğma atasına çox bağlı idi. Evdə, demək olar ki, atasının yanından bir an belə aralanmırdı; gah onunla şahmat oynayır, gah əsgərlik xatirələrini xəbər alır, gah da əksər günlərdə olduğu kimi divanın küncünə qısılıb onunla maraqlı filmlər seyr edirdi. Ancaq həmin filmləri digərlərindən fərqləndirən mühüm bir əlamət var idi; hər birində ekranın yuxarıdan sağ küncünə "18+" yazılmışdı. Ester bu işarənin nə məna kəsb etdiyini atasından dəfələrlə soruşmuş, sualı cavabsız qalmışdı. Onun baxdığı filmlər içərisində ən çox bəyəndiyi "18 il" adlı mistik triller də elə bu tip filmlərdən idi. Bu film böyük bir nəslin lənətlənməsindən bəhs edirdi; müəmmalı səbəblərdən dolayı həmin bu nəslin oğlan nümayəndələri 18 yaşlarına çatan kimi öz atalarını diri-diri yeyib öldürürdülər. Filmin sonunda bir oğlan 18 yaşına bir gün qalmış intihar edib nəsili bu lənətdən qurtarır, lakin sonuncu nümayəndə olduğundan nəslin kökü kəsilir və heç kim bu lənətin sirrini aşkarlaya bilmir. Belə bir şeyin bənzəri Esterin həyatında, atası və babası ilə yay düşərgəsində olarkən də baş vermişdi. Elə orada meşənin içində Esterin atası, öz doğma atasını onun gözləri qarşısında dişləyib öldürmüşdü. O, düşüncəsində dərin yara açan bu dəhşətli hadisənin şəxsən şahidi olmuşdu. Ester bunun təsadüfən baş vermədiyinin və ailəsinin də həmin lənətə düçar olduğunun qənaətinə gəlmişdi.
O, hər axşam otağın işığını söndürüb atası ilə "18+" filmlərə baxmağa davam edirdi. Buna görə də gecələr qorxulu yuxular görürdü, qarabasmalar, hallüsinasiyalar onu rahat buraxmırdı. Ancaq bu haqda nə anasına, nə də telenarkoman atasına bir kəlmə də demirdi. Qorxurdu ki, onu yenə də falçı qadının yanına aparıb bədəninə damğa basarlar. O, atasının adamyeyən olduğunu düşünürdü.
Ester növbəti dəfə gecə yuxusunu qarışdırır; guya o yatağında yanmış quru çörək yedikdən sonra yastığının altından qayçını çıxarıb dilini xırçıltı ilə kəsir, sonra bıçağı iki əli ilə tutub sinəsinə sancmaq istəyir. Elə həmin an anası onun əlindən bıçağı aldı. Ester ayılıb yatağının içində oturdu; ağzında dözülməz göynətmə və ilıq maye hiss etdi. Birdən onun gözü ağ yorğanın üstündə qan kimi qızaran ət parçasına sataşdı: Ester, həqiqətən də, dilini kəsmişdi! Əgər anası mane olmasaydı bıçağı da sinəsinə sancıb özünü öldürəcəkdi. Bu ağılasığmaz hadisədən sonra Ester danışıq qabiliyyətini itirib lal oldu. Belə olan halda onu məktəbdən uzaqlaşdırdılar; hətta, musiqi təhsilini də dayandırdılar. Getdikcə Ester, üzərində 18 olan hər şeydən qorxmağa, çəkinməyə başladı; öz mənzillərinin nömrəsi 18 olduğu üçün evə gəlmirdi, küçədə yatırdı. Belə olan halda onu dəlixanaya gətirib 18-ci palataya saldılar. Burada  günlər sükut içində keçirdi, ta ki, həmin günə kimi; 18-ci doğum gününə bir həftə qalmış Esterin ürəyinə qəribə bir narahatlıq çökmüşdü. Palçıq kimi dabanına yapışan uğursuz illər zəncirinə cəmi bir həftədən sonra bir halqa da qoşulacaqdı; ancaq o bunun qarşısını almalı idi.
"18 il" adlı filmi xatırladı; atalarını diri-diri yeyən oğullar, lənətlənmiş zadəgan nəslinin nümayəndələri... Babasının ölümü gözünün qabağına gəldi... "Atam babamı dişləyib öldürdü. Demək, mən də öz atamı dişləyib öldürəcəm." - o artıq bunu dərk etmişdi. Ester öz atasını parçalayıb yeyəcəyi günün çox yaxında olduğunu bilirdi. "18 il" filminin ssenarisi isə getdikcə beynində işıqlanırdı...
                                               
                                                ***

Bir neçə gündən sonra Bakıda sakinlər arasında müzakirə mövzusuna çevrilən maraqlı bir hadisə yaşandı; mənzillərin qapısına, üzərində "18+" yazılmış dairəvi kağız yapışdırıb qeybə çəkilən gizəmli məxluq peyda oldu. Sakinlər bu hadisəyə "UNO-ların gəlişi", "Supermenin dönüşü" kimi absurd adlar verməyə başladılar. Bəziləri bunun terror və ya təbliğat məqsədli addımlar olduğunu, bəziləri isə yeni şirkətlərin reklam xarakterli provakasiyaları olduğunu deyirdilər. Şayiələr yolxucu xəstəlik kimi hər künc-bucağa yayılmışdı. Ancaq hər şey tezliklə aşkara çıxdı; baharın gəlişinə bir gün qalmış N sayılı dəlixananın dənizə baxan səmtində 17-18 yaşlarında gənc oğlan cəsədi tapıldı. Bu, Ester idi; o, özünü 18-ci palatanın eyvanından ataraq intihar etmişdi. Çantasından tökülüb səkiyə səpələnən "18+" yazılmış dairəvi kağızlar, cəsədin ətrafına toplaşanlarda daha çox təəccüb doğurmuşdu.
18 yaşına bir neçə gün qalmış Ester başa düşmüşdü ki, "18+" filmləri "atalarını yeyən oğullar"ın, "bədənlərini satan qızlar"ın, "uçmaq istəyən şizofreniklər"in, "arvadlarını döyən kişikimilər"in, "bir-biriləri ilə ailə quran qardaşlar"ın, "heyvanla nigah bağlayan qızlar"ın və "intihar edən paranoiklər"in yetişməsi üçün ən əlverişli sistemdir. O, ömrünün son günlərində qapılara "18+" yazılmış kağızlar yapışdıraraq, özünün də qurbanı olduğu bu sistemi dəyişmək və azyaşlı uşaqları bu ruhi təzyiqdən xilas etmək istəmişdi. İstəmişdi...
              
                                                                           SON

P.S: Ötən gün Esterin babasının ölümünü araşdırdım, mənə məlum oldu ki, yay düşərgəsində onu ilan vurub, Esterin atası onun qolunu dişləyib zəhər çıxarmaq istəmiş, ancaq gec müdaxilə etdiyi üçün zəhər qana keçib babasının həyatına son qoymuşdu.
Sonda sizə bir sirr açım: Nə qədər ki, televizorunuzun ekranında "18+" işarəsi var, demək, övladınız hər an sizi parçalayıb yeyə bilər.

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | GreenGeeks Review