Bəzən çox yoruluram.İnsanlar,qanunlar,təsəllilər,həqiqətlər...Həyat çox yorucudur deyə ondan qaçmağa başlayıram.O,məni küçələrdə,dərs otaqlarında,evdə,işdə axtaranda mən sətirlərdə gizlənirəm və onu getməyini gözləyirəm.O da özünə dərd etmədən gedir.
Hə,həyat gedir.Sabun operaları kimi təkrarlanan ssenari əsasında mənim həyatım davam edir.Lap “Santa Barbara” kimi...Amma mən hər dəfə Santa Barbaram başlayanda kanalı dəyişə bilmirəm.Elə bil mənim serialım kiməsə maraqlıdır.İnkir və Minkir hərəsi bir çiynimdə oturub günəbaxan tumu çırtlaya-çırtlaya mənim serialımın hər seriyasına diqqətlə baxırlar.Bəzən ağlayırlar,bəzən sevinirlər.Çoxunuz üçün qəribə gələcək, amma mən onların səslərini eşidə bilirəm.
Yox,mən seçilmiş adam deyiləm.Mənim kimisini kim seçəre? İnanırsınız, hərdən oturub düşünürəm ki, öləndən sonra hara düşəcəm, Cənnətə ya Cəhənnəmə? Sualıma cavab tapa bilmirəm.Məni nə Şeytan nə də Allahım qəbul eləməz.Çünki mən nə yaxşı adamam nə də pis.Mən sadəcə olaraq qəribə adamam.
Bəlkə də məni yoran budur.Çox düşünürəm,az yatıram,lap azca yeyirəm.Mənə “gecələr yat!” deyənlərə cavab verirəm ki, mən yatsam,ulduzlar dərdlərini kimə danışarlar?! Hə,siqaret də çəkirəm.”Ay bala,özünü ölümə aparırsan,çəkmə o zibili!”deyənlərə heçnə deməyib boş-boş gülümsəyirəm.Çünki başa düşürəm ki, mənim danışdıqlarımı eşitsələr,heçnə başa düşməyib mənə dəli deyəcəklər.
Bəlkə də düz edəcəklər.Bəlkə də mən qəribə deyiləm,dəliyəm.Özü də ən təhlükəlisindən.Suitist,psixopat,kriptoman şizofren...Görürsünüz, mən dəli halımla belə qəribəyəm.
Bilirsiniz, hərdən düşünürəm ki, insan təbiətdə ən bədbəxt varlıqdır.Niyə ? təsəvvür edin ki, siz dovşansınız.Bilirsiniz ki, canavar,tülkü,çaqqal və s. yırtıcılar sizin düşməninizdir.Siz bütün tədbirinizi bunun əsasında görürsünüz.Məsələn,siz dələlərdən qorunmağa ehtiyac duymursunuz.Amma insanlar...
Fəlsəfə yaranandan bəri yüzlərlə alim nəyin yaxşı nəyin pis olması barədə elə özləri qədər mülahizələr yürüdüblər,amma hələ də ortaq məxrəcə gələ bilməyiblər.Adi bir misal,əksər insanlar Robin Qudu qəhrəman sayır,amma kimlərinsə gözündə o,adi bir quldurdur.Gəlin birlikdə mülahizə yürüdək,qulduru yaxşı insan saymaq olar?
Nəysə,bu qəribə fikirlərimlə sizi çox yorub mövzudan uzaqlaşdırmaq istəmirəm. Mən sizə qəribəliyimin tarixcəsini nəql etmək istəyirəm.
5 ya 6 yaşım var idi.Yasamaldakı məhəlləmizə yeni köçmüşdük.Birinci dəfə həyətə çıxmışdım.Qonşularımız Vəli və Tərlan bir-biriylə dalaşırdılar.Tərlan Vəlinin qarnına yumruq ilişdirdi,Vəli ağlamağa başladı.Mən yaxınlaşıb onu ayağa qaldırmağa çalışanda Vəli mənim qarnıma vurdu.Yox,ağrıtmadı,sadəcə gözünün içinə saf-saf baxıb ondan soruşdum ki, “məni niyə vurdun ki, mən sənə neyləmişəm?”.O,isə mənə cavab verməyib qaça-qaça evlərinə girdi.
Evə gələndən sonra mən atama bu əhvalatı danışdım.Onda atam mənə dedi ki, nə olursa,olsun heç vaxt imkan vermə ki, kimsə səni vursun.