2 Ekim 2011 Pazar

Nostalgiya

Bu gün zamanın təkanıyla irəli getməkdən bezib ona  üsyan elədim.Qələmimi götürüb arxada qoyduğum rəngli keçmişimi ziyarət eləməyə qərar verdim.Həyat dənizimin dalğalarına əks getmək çətin və incidici idi.Qələbə qazandığım dənizlərə qayıdıb oralara lövbər atmaq istəmişdim bu gecə.Amma atdığım hər lövbər batırdığım gəmilərdən birinin dağıntılarına ilişirdi.Mən artıq başa düşmüşdüm ki, zaman keçsədə,bəzi yaralar sağalmaya bilir.

11 il vuruşduğum düşmənimin üzünə atdığım hər çapıq mənə ağrı və peşmanlıq verirdi.O ağrı və peşmanlığı  bir torbaya yığıb  keçmişin dərinliyinə atmaq istəsəmdə, istədiyimə nail ola bilmirdim.Hər dəfə torbanı qaldırıb uzaqlara atmaq istəsəmdə, həmin torbalar cırılır və yenidən peşmanlıq və ağrını başımdan aşağı yerə tökürdü.Ürəyim, ruhum və ümidlərim bu zibillərlə çirklənirdi.
Bu gecə məni hamı danlayırdı.Küçələr, vərəqlər,xatirə dəftərim, vicdanım,qaranlıq, dinlədiyim melodiyanın notları,dostlarım,tanışlar,valideynlər...Hər kəs və hər şey mənə bir məsləhət verirdi.Elə bil hər kəs siqaret tüstüylə mənə süni duman yaratmağı qarşısına məqsəd qoymuşdu.Halsızlıq,peşmanlıq və yorğunluq məni lap taqətdən salmışdı.Mən əlimdə qələm boynuma keçmişi dolayıb  özümü gələcəkdən asırdım...

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | GreenGeeks Review