24 Ocak 2012 Salı

“Mən”+”Mən”= ”Biz” (Səyyarə Nəbi ilə)

Şahlar Ruhi: Sən... Sənə sən deməyə də dilim gəlmir. Məndə o qədər sən var ki, sən o “sən”-lərdən o qədər yüksəkdəsən ki, bu üç hərfli biçarə söz məndəki səni daşıya bilmir. Səni ancaq “ mən” daşıya bilir.
Sənsiz hər şey fərqlidir. Əqrəblərin hərəsi bir qılınc kimi ömrümü gödəldir. Səma üzünü məndən çevirir, buludlar damla damla  üzümə tüpürür, külək  üzümü şillələyir....
Səyyarə Nəbi: Sən xəyallarımın sahibi,  Gözlərimin yaşı , ürəyimin oğrusu.  Heç bilisənmi məni necə dəyişdin? Bütün fikirlərim, arzularım, yuxularım, hərşeyim sənlə bağlıdır. Mən sənə bağlıyam...
Düşünmədən, anlamadan,  bilmədən, düşdüm eşqinə, qapıldım sevginə, vuruldum sənə... Amma yaralandım... Sevginin oxu yaraladı məni. Bax, bəyəndin mi etdiyini?

Əgər dünya olsaydım

Əgər mən dünya olsaydım, ümidlərimin hərəsi bir Pompey şəhəri olardı. Dünyamın bütün sakinləri onların nə vaxtsa olduğunu, sonra  həyatın alovundan yandığını bilərdilər.
Əgər mən dünya olsaydım, bütün dünya okeandan ibarət olardı... Dünyamın bütün sakinləri kədərimin içində üzməyi mənimsəyərdilər.
Mən dünya olsaydım sən də ilahə olardın, üzümə gülərdin, məni yenidən yaradardın. Sonra da günəşimə çevrilib məni ətrafında  dövrə vurmağa məhkum edərdin. Mənsə o biri  planetləri vecimə almadan  başına dolanardım.

Bilirsən?

Sənə heç vaxt məktub yazmamışam, çünki heç vaxt məndən uzaqda olmamısan. Səni görmək mənim üçün gözümü yummaq kimi asan olub.  Hər gözümü qırpanda gözümün qarşısına gəlməyindəndir ki, o gülən gözlərin hələ də yadımdadır.  Adımı çağırmağın qulağımdan getməyib ki, sən gedəndən intihar edə bilmirəm. Sənin ətrin burnumdan getməyib ki, hər gecə yastığımı qucaqlayıb yatıram.
            Neçə vaxtdır ki gözlərim yol çəkir. O yol ümidlərimi cənnətə, üsyanımı cəhənnəmə vasil edir. Gözlərimdən düşən hər damla torpaqda bir ümid  çiçəyinin toxumunu bəsləyir, etdiyim hər dua məni cənnətə, barmaqlarımın arasındakı ülgücsə cəhənnəmə yaxınlaşdırır. Sən mələksən ki, xəyalın məni cəhənnəmə buraxmamaq üçün xatirələrimi cırmaqlayır. Xatirələrim xəyalının cırmaqlarından həzz dolu nərələr çəkir. Bu ehtirasdan mən və içimdə sən doğulur. Onlar da hər uşaq kimi kədərimi yorğun bir məmnuniyyətə çevirir.

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | GreenGeeks Review