Şahlar Ruhi: Sən... Sənə sən deməyə də dilim gəlmir. Məndə o qədər sən var ki, sən o “sən”-lərdən o qədər yüksəkdəsən ki, bu üç hərfli biçarə söz məndəki səni daşıya bilmir. Səni ancaq “ mən” daşıya bilir.
Sənsiz hər şey fərqlidir. Əqrəblərin hərəsi bir qılınc kimi ömrümü gödəldir. Səma üzünü məndən çevirir, buludlar damla damla üzümə tüpürür, külək üzümü şillələyir....
Səyyarə Nəbi: Sən xəyallarımın sahibi, Gözlərimin yaşı , ürəyimin oğrusu. Heç bilisənmi məni necə dəyişdin? Bütün fikirlərim, arzularım, yuxularım, hərşeyim sənlə bağlıdır. Mən sənə bağlıyam...
Düşünmədən, anlamadan, bilmədən, düşdüm eşqinə, qapıldım sevginə, vuruldum sənə... Amma yaralandım... Sevginin oxu yaraladı məni. Bax, bəyəndin mi etdiyini?
Şahlar Ruhi: Səni vuran ox məni öldürər, sənin qəlbini yandıran alov mənim arzularımın şamını söndürər.
Səyyarə Nəbi: Sən- inanmaq istədiyim yalan, uydurduğum personaj, xəyallarımdakı şahzadəm, göz yaşımın, gülüşümün səbəbi...
Ağladırsan, sonra da gözümün yaşını silirsən.Sən - ürəyimə toxuna bilən yeganə insan, yenə gəl yuxuma...
İnanmıram olasan.Bu qədər mükəmməl olmaz insan, bu qədər doğru olmaz yalan, bu qədər gerçək olmaz xəyal..
Şahlar Ruhi: Mən-xəyallarının sahibi, ürəyinin qulu. Gözlərinin yaşı, təbəssümünün qurusu, mən sənin yaddaşının işğalçısı, sən mənim arzularımın şahzadəsi.
Sən...Yalnızlığımın Əzrayılı, dəqiqələrimi xoşbəxtlik gətirən Cəbrayılım... Yalan olsan da mən də Tanrı kimi gözəl varlıq yaratsam.... Qaçsan da yuxularımda axtarsam səni, yox olsan da vərəqlərdə yarada bilsəm səni...
Səyyarə Nəbi: Gerçək olsan...Axtarmasam səni...Özün çıxsan qarşıma...Yormasan məni...Yorulmasam axtarmaqdan səni...Tükənib gücüm...
Şahlar Ruhi: " Mən də Tanrıyam" deyib bağırsam ulduzlara."O sizdən daha parlaqdır" deyib də acıq versəm onlara... Xəyalımdan çıxanda mələk göstərsəm Tanrıya inanmayan insanlara.
Səyyarə Nəbi :Tükənib gücüm. Acız, zəif, gücsüzəm. Dünya çox böyükdür mənə -insanlar da böyükdü, hadisələr də. Böyüməmişəm hələ - hələ də qorxuram qaranlıqdan. İldirim çaxanda dünyanın sonu gəlib düşünürəm, hələ də ağlayıram yıxılanda. Hələ də istəyirəm ki biri qucaqlasın... ovundursun məni. Hələ də küləyin səsini eşitməməkçün qulaqlarımı tuturam...hələ də boyüməmişəm. Ağır gəlir yaşamaq. gücünü oyrət , Tək buraxma məni. balacayam bu dünyaya.