Sənə heç vaxt məktub yazmamışam, çünki heç vaxt məndən uzaqda olmamısan. Səni görmək mənim üçün gözümü yummaq kimi asan olub. Hər gözümü qırpanda gözümün qarşısına gəlməyindəndir ki, o gülən gözlərin hələ də yadımdadır. Adımı çağırmağın qulağımdan getməyib ki, sən gedəndən intihar edə bilmirəm. Sənin ətrin burnumdan getməyib ki, hər gecə yastığımı qucaqlayıb yatıram.
Neçə vaxtdır ki gözlərim yol çəkir. O yol ümidlərimi cənnətə, üsyanımı cəhənnəmə vasil edir. Gözlərimdən düşən hər damla torpaqda bir ümid çiçəyinin toxumunu bəsləyir, etdiyim hər dua məni cənnətə, barmaqlarımın arasındakı ülgücsə cəhənnəmə yaxınlaşdırır. Sən mələksən ki, xəyalın məni cəhənnəmə buraxmamaq üçün xatirələrimi cırmaqlayır. Xatirələrim xəyalının cırmaqlarından həzz dolu nərələr çəkir. Bu ehtirasdan mən və içimdə sən doğulur. Onlar da hər uşaq kimi kədərimi yorğun bir məmnuniyyətə çevirir.
Sevdiyinin dönməyini istəməyən insan görmüsən heç? Hə, görmüsən. Sadəcə gördüyün , sevdiyin, sonra da qoyub qaçdığın bu biçarə cocuğun bir gün qapı kimi qarşında duracağını düşünməmisən. Sükutun və çaşınlığın bundandır hər halda.
Hə, mən sənin dönməyini istəmirəm, bilirsən niyə? Ona görə ki, mən insanam. İnsan yanında olanın dəyərini anlamaz. Görmürsən mələklərə şeir qoşan çılğın şairləri? Onlar yanlarındakı neçə mələyin qanadlarını tapdalayarlar, bilirsən?
Bilmirsən, çünki sən mələksən. Səninçün mənim yanıma dönmək cəzadır, mənimçün sənin yanında olmaqsa, mükafat. Mələklər bunu anlamazlar, ona görə yüksələrlər, amma insanlar bunu anlaya-anlaya aşağı enməkdən vaz keçməzlər. Həyatsa mələklərə həmişə ədalətsiz davranır. Biz mələklərin bizə görə cəzalandığını bilə-bilə Şeytana sığınmaqdan, o isə yanımıza gəlib bizdən ötrü döyüşməkdən əsla vaz keçmir.
Mələyim, bilirsən həmişə nə düşünürəm? Zaman əslində mələklərə işləyir. Görürsən, sənin artıq ailən, balan var, mənimsə balaca pişiyim belə yoxdur.
Bilirsən sən neylədin? Əlimdən bütün arzularımı alıb yerinə qələm verdin. Mənsə səni gördüyüm gündən bu günə kimi uşaqlaşmışam. Mənə verdiyin qələmlə hələ də oynayıram.