Otağım xatirələrini qucaqlayır. Dörd divarım şəkillərinlə bəzənib. Heç nəfəslik də lazım deyil. Mən ki səninlə nəfəs alıram.
Bilirsən, insanın dünya olduğunu səni tanıyandan sonra anladım. Sənin ki gözlərinin işığından göz yaşlarımın buxarlandı, sənin sevgin ki, məni ətrafında dövrə vurmağa məcbur elədi, sənin yoxluğun ki, məni qaranlığa qərq elədi, dondurdu - yer kürəsi olduğuma inandım, gülüm.
Mən səni sevdim. Mən səni sənə məndən daha yaxın dünyaların olduğunu bilə-bilə sevdim. Sənə yaxın olanların taleyini bilə- bilə sənə daha yaxın olmaq üçün dəridən-qabıqdan çıxdım. Sənin gözlərinin dəldiyi “özüm” təbəqəsini hiss edə-edə mübarizəmdən əl çəkmədim. Mən sənin odunla kül olmaq istədim. Çünki qaranlığın işığının, şaxtanın isə istiliyinin olmadığı yerdə olduğunu bilirdim. Nə qədər gizlətsəm də, qaranlığımdan və şaxtadan qorxacaq qədər uşaq idim.
İndi dünyam dumana bürünüb. Bu nə deməkdir, bilirsən? Nə sənin olduğunu, nə də olmadığını deyə bilmirəm. Xatirələrin mənə yoxluğunu unutdurur deyə yoxluğun xoşbəxtliyimi unutdura bilmir. Yoxluğun xoşbəxtliyimi özüylə aparıb deyə onu xatırlatmaq üçün divar saatının üstünə şəklini asmışam. Sevginlə əbədi yaşacağımı bilirəmsə, zamanın mənimçün nə əhəmiyyəti var ?!
İnsan dünyadan fərqlənir bilirəm. Gedən günəşin qayıdıb baharımı gətirməyəcəyini də bilirəm. Amma donub ölmürəm və ölməyəcəyimdən də əminəm. Bilirsən niyə? Çünki insan planetlərdən fərqlənir. Sənin mənə verdiyin işıq və istilik sən gedəndən, getdiyini zənn edəndən sonra itmir. Çünki sənin mənə verdiyin sevgi şölələri idi, ultrabənövşəyi şüalar yox.
Sən mənim dünyamın günəşisən. Dünyamın sakinləri fəsilləri sənin yanımda olub olmamağından, gündüzü və gecəni şölələrinin bərq vurub vurmamağından tanıyırlar. Bəli, sən günəşsən. İstəsən də, istəməsən də mənə nur, istilik verirsən. Üzünü döndərirsən, amma bilmirsən ki, hər tərəfin məni işıqlandırır. Sənin şölənlə yaşayan və yaşadan dünyanın bircə mənim olduğumu bilərək, şölənin vurduğu yerləri səhralığa, vurmadığı yerləri isə buz dağlarına çevirirsən. Sən Günəşsən deyə yer kürəsinin-mənim səni necə sevdiyimi bilmirsən...