2 Ekim 2011 Pazar

Əzizim...


Tanış olduğumuz gün yadına gəlir? Gecəydi, dostumla pilləkənləri qalxırdım.Həmin gün nəyəsə yamanca sevinmişdim. Hə,yadıma düşdü,deyəsən mənim 13-cü ad günüm idi.
Sonuncu pilləkənin qarşısında oturmuşdun. Ağ əlbisən, qəhvəyi saçların və yalnızlığın var idi. Nədənsə onlar mənə hər şeyi unutdurdular. Təkcə oturmağına dözə bilməyidim, ona görə səni yerdən qaldırıb dostumdan xəlvətcə cibimə qoydum.

O gündən bəri dodaqlarımı, beynimi, hətta ağciyərlərimi də işğal elədin. Vaxt keçdikcə səni daha çox sevdim. Amma təəssüf ki, bunu hər kəsdən, hətta özümdən də gizlətməyə məcbur oldum. Çünki heç kəs səni qəbul eləmirdi. Bütün dünyanın sənə ehtiyacı vardı,amma səndən əl çəkə bilməyənlərin dillərindən “o, adamı ölümə aparır” cümləsi düşmürdü.Bəlkə də buna görə mən sənə aludə oldum. Səninlə görüşməkdən ötrü şəhərin mərkəzinə getməli olsam da, həkimlər tərəfindən dəfələrlə xəbərdar olunsam da səni tərk etmək istəmirdim. Çünki sən məni anlayırdın...
Təkcə sən mənim sükuta ehtiyacım olanda susub məni dinləyirdin. Təkcə sən ürəyim sıxılanda ətrinlə məni sərxoş edib dərdlərimi unutdururdun. Məhz buna görə sən mənim ilham pərim də ola bildin, xoşbəxtlik qaynağım da... Amma valideynlərim bunu başa düşmürdülər. Hər dəfə bizi bir yerdə görəndə anam məni tənbeh edir,”Bu mərəz səni öldürəcək” deyirdi. O, anlamırdı. Anlamırdı ki, məni təkcə sənin ətrinin verdiyi sərxoşluq yaşadır.
Bilirsən, sənin anlaşılmazlığına heyranam.Mən hələ də anlamıram ki, sən özün yana-yana mənim qəlbimdəki alovu necə söndürə bilirsən? Mənim kimi dərdləriylə səni yandıran eqoist dostlarla necə və niyə yola gedirsən? İkinci sualın cavabını təxmin edirəm. Sən də mənim kimi tənha, lazımsız olmaqdan qorxursan. Buna görə də dostlarının bütün xəyanətlərinə dözürsən. Sən də mənim kimi dərdlərini heç kəslə bölmək istəmirsən. Çünki bilirsən ki, onlar qəlbini yandıran alovu söndürmək üçün səni tapdalayıb zibil qabına atacaqlar.
Biz bir-birimizə çox bənzəyirik. Tək fərqimiz odur ki, sən balacasan, mən isə nisbətən böyük...(Dərindən düşünsək, mən də sənin kimi balacayam.)
Gün gələcəkbu dünya da məni tapdalayıb keçmiş adlanan kül qabına atacaq. Tək istəyim odur ki, dünyanın xatirəsində mənim xatirələrimdə qaldığın kimi qalım. İstəyirəm ki, mənim sətirlərim də sənin ətrin kimi dünyanın ağ ciyərlərinə həkk olsun...
01.11.2010
Saat 1:20

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | GreenGeeks Review