Ehh, sən hələ çox şey öyrənməlisən
O, hər zaman qucağına gəlməyi istəyəcək qədər ərköyün, heç zaman qucağına gəlməyəcək qədər nazlıdır. Xoşbəxtlik tələbkardır. O, səni sevmək üçün hər şey istəyir. Diqqət, arzu və sevgi. Nə gülürsən, elə bilirsən təkcə insanlar sevə bilir? Hə? Ehh, sən hələ çox şey öyrənməlisən.
Bu yazını oxuyursansa, deməli, həyatında heç olmasa 1 kitab oxumusan. O kitabı da çox guman ki, kitab mağazasından almısan. Əgər bu 2 ehtimalımda yanılmıramsa, deməli sən heç olmasa 1 dəfə “uğuru necə əldə etməli?”, ”Necə edim ki, daha çox qazanım?” və buna bənzər kitablarla rastlaşmısan və sözsüz ki, bu kitab səni cəlb edib. Bəs əgər uğurun səni sevib yanına gələcəyini düşünmürsənsə, bu kitablar diqqətini niyə yayındırıb? Görürsən, mən haqlıyam?! İndi isə keçək mövzumuza.
Xoşbəxtliyi qazanmaq üçün birinci addım - onu istəməkdir. Necə deyərlər, papağınızı qabağınıza qoyub düşünün, siz xoşbəxt olmağı doğrudan istəyirsiniz, ya bu istək sadəcə bədbəxtliyinizi cəmiyyətə çatdırmaq istəyindən irəli gəlir?
Dostoyevskinin məşhur bir sözü var: Əksər insanlar məqsədinə çatmağı yox, məqsədinə gedən yolu keçmək istəyirlər. Əgər siz Dostoyevskinin “əksər insanlar”-ından fərqləndiyinizi düşünürsünüzsə, özünüzə bu sualı verin: - Sabah oyanıb bütün arzularınızın gərçəkləşdiyini görsəniz, xoşbəxt olarsınız?
Yanılırsınız, siz xoşbəxt olmayacaqsınız, sadəcə arzularınız böyüyəcək. Daha çox pul, daha çox uğur və ya hörmət, daha çox sevgi... “Daha çoxlar” siyahısı daha çox uzanardı, amma başını ağrıtmaq istəmirəm. Məqsədim səninlə xoşbəxt olmağın sirrlərini bölüşməkdir.
Kim deyirsə, yalandır - Xoşbəxt həyat üçün bədəl ödəmək lazım deyil. Xoşbəxt olmaq gözünü yummaq qədər asandır. Yuxuda ola-ola gülümsəyən uşaq görmüsən? Ona nə imarət, nə də pul lazım deyil. O bir tək mənasını, məqsədini bilmədiyi sevgisiylə xoşbəxt ola bilir. Bəs biz?
Heç düşünmüsən, uşaqlığınla indiki halında nə dəyişib? Düzdür, artıq qarnında qazın olanda, ac olanda, su istəyəndə, ya da anandan ayrı olanda ağlamırsan. Artıq problemlərinin çözümü bir siqaret və içki şüşəsi qədər yaxındır sənə. İçirsən, çəkirsən və problemlərin ağzının iyindən iyrənib səndən uzağa qaçır. Beləcə sən sükunətdə problemlərdən uzaqsan. Elə bil ki, bir şüşə içkidən sonra yer kürəsinin cazibə qüvvəsindən sıyrılıb kosmosa düşürsən və arxanda səni çağıran həyatını eşitmirsən. Beləcə, bir neçə saatlıq kosmonavt həyatı yaşayırsan.
Bilirsən mənə nə maraqlıdır? Görəsən, insan böyüdükcə ağıllanır, ya getdikcə daha da axmaqlaşır? Düz deyirsən, böyüdükcə danışmaq, gəzmək öyrəndik, cürbəcür elmlər öyrəndik. Amma nədənsə, tərgitdiklərimiz həmişə öyrəndiklərimizdən çox oldu. Ömür xurcunumuza bilgilər, informasiyalar,”dərslər”,yüklədikcə yükümüz ağır gəldi və nədənsə həmişə lazımlı alətlərimizi boşaldaraq onu yüngülləşdirdik. Əvvəl göz yaşlarımızdan, sonra təbəssümdən, daha sonra ümiddən... azad olduq. Yüngülləşdik və həyat küləyinin diktəsiylə şar kimi yüngül olduq. Beləcə,yaşamaq uğrunda sürünərkən yaşamaqdan uzaqlaşdıq. Çünki,unutduq.Yaşamaq üçün uğurdan daha çox xoşbəxtliyin lazım olduğunu xurcunumuzda böyüyən “illər” adlı məxluq bizə unutdurdu.
Biz uşaq olanda xoşbəxtlik ana qucağı qədər yaxın idi bizə. İndisə,biz coğrafiya sayəsində xoşbəxtliklə bizim ayrı qütblərdə olduğumuzu, fizika sayəsində “həyat”ın bizi cazibəsindən azad etməyəcəyini, biologiya sayəsində isə ürəyimizin sevgiylə döyünmədiyini bilirik.Amma bütün bildiklərimizə rəğmən heyvanlardan fərqlənmədiyimizi anlamırıq.
Bax, görürsən, xoşbəxtlik səninçün nə qədər asandır ? Dostum, gör indiyə kimi nələrə gözünü yummusan?Xoşbəxtlikdən uzaq olan mənəm.Çünki, mənim gördüklərimi gördüksən sonra xoşbəxtlik göz yummaq qədər çətindir.
Parafraz: Xoşbəxtlik-səni güldürmək üçün istədiyin dona girə bilən təlxəkdir.
P.S.N: nə üzünü turşudursan, bəyəm bilmirsən ki,xoşbəxtlik sözünə qafiyə yoxdur?