1990-cı il Avqustunun son həftəsiydi.Hələ yenicə doğulmuşdum.Əhlikef tibb bacılarından biri bizim yatdığımız otağın ( və ya palatanın) pəncərəsini açıq qoymuşdu ki, özünə bir az sərin olsun.Nəticədə mənimlə birgə 14-15 uşaq sətəlcəmə yoluxmuş çox ölmüşdülər.Biz sağ qalanlar isə həyatımızın ilk mübarizəsini Əzrayıla qarşı aparmağa məcbur olmuşduq.
Mən qalib gəldim.Bir il boyu cürbəcür xəstəxanalarda gedən ölüm-dirim savaşında balaca Şahlar nəhayət ki, qalib gəlmişdi.Bu mənim həyatımda qazandığın ilk qələbə kimi tariximə düşmüşdü.Amma mən o vaxt bunu anlamırdım deyə, indiki kimi sevinmirdim.
Bacım Günel dünyaya təzə göz açmışdı.Birinci qalibiyyətimdən təminən 3 ay,3 ay yarım ötmüşdü.Evdə bütün diqqət ona tərəf yönəlmişdi.Bütün qohumlar ancaq onunla maraqlanırdılar, təzə-təzə oyuncaqları,paltarları ancaq ona alırdılar.Bunu başa düşəndə(?) mən həyatımda ikinci mübarizəyə başladım.Günelin yeməyini əlindən alırdım, tez-tez başına vururdum, ona “bacı” demək əvəzinə “ acı “ deyirdim.Məhz buna görə mən anamın diqqətini özümə cəlb edə bildim.İkinci qələbə!
Dörd yaşım var idi.”Gənclik” dəki həyət evimizi satıb, Yasamalda “Azərbaycan Nəşriyyatı”-nın yataqxanasına köçmüşdük.Bura gələndə birinci dəfə idi ki, bacımdan başqa uşaqlarla oynayırdım.Nurlan, Valeh, Əli,Aqil,Şəbnəm,Səidə,Günel,Günay...Yoldaşlarım az deyildi,amma dostum yox idi.Çünki dostluğun nə olduğunu bilmirdim.Bir gün anamdan dostluğun nə olduğunu soruşdum, o, “ dost tapmaq və dost olmaq yaxşı şeydir” dedi.Amma mən dost olmaqdan qorxurdum.Daha doğrusu,utanırdım, birdən kimsə mənə “ yox” deyər?
Nə isə,qərara gəldim ki, bu dəfə öz tərəddüdlərimlə mübarizə aparmalıyam-getdim və uşaqlardan birinə- Əliyə mənimlə dost olmağı təklif elədim.Razılaşdım,deməli, mən həyatda özümün 3-cü qələbəsini qazandım.
Bu qalibiyyətimdən 3-4 gün keçmişdi.Məhəlləyə oynamağa düşmüşdüm, birdən Əlini Nurlanla dalaşan gördüm.Nurlan Əlini vurdu,əliysə ağlaya-ağlaya üzünü mənə çevirdi.Açığı,ona yazığım gəldi, yaxınlaşıb “ Əli,ağlama!” demişdim ki, o qarnımdan möhkəm yumruq ilişdirdi.Nəfəsim kəsildi.O anda anladım ki, mən yenə mübarizə aparmalıyam və içimdəki Əliyə qarşı olan qəzəbimi dəf etməliyəm.Bəli, bu döyüşdə də qalib gəldim-mən Əlini vurmadım.
İllər keçdikcə mübarizələrim də qalibiyyətlərimdə çoxalırdı,məğlub olurdum,mübarizələr sayəsində duyğularım formalaşırdı.Nə qədər təkəbbürlü səslənsədə, deməliyəm ki, mən cismən böyüdükcə ruhən böyüdüyümü də hiss edirdim.
8 yaşımda hiss elədim ki, mən də atam kimi işləmək istəyirəm.Bilirdim ki, atama desəm məni lağa qoyacaq,ona görə də mən istəyimə çatmaq uğrunda şəraitə qarşı mübarizəyə başladım və həyatımda ilk dəfə plan qurdum.Qərara gəldim ki, atamın hər gün evə gətirdiyi bir dəst qəzeti satmaqla pul qazana bilərəm.Dəst deyəndə 10-15 adlı qəzetin hərəsindən 1 ədəd nəzərdə tuturam.
Nə yalan deyim, məndə alınırdı.Hər gün qəzetləri satıb 1 şirvan pul qazanırdım, onu da oyuncaq maşınlara,peçenyelərə,şokoladlara xərcləyirdim.Mən onda şəraitə qalib gəlmişdim.Amma qalibiyyət nəticəsində əldə etdiyim imtiyazda çox istifadə edə bilmədim. 15-20 gündən sonra atam məni iş başında “ yaxaladı”.
Mən ev dustaqlığına məhkum edildim.Amma hər gün anamdan icazə alıb bayıra oynamağa çıxırdım.Anam göz yaşlarıma dözə bilmirdi.Beləcə hər gün mənə cızılan sərhəddi aşmağı öyrənmişdim.
Artıq böyümüşdüm,15 yaşım var idi. 8-ci sinifdə oxuyurdum.Həyatımda ilk dəfə kiməsə aşiq olmuşdum.Özü də kimə aşiq olsam yaxşıdır? Sinifə təcrübə keçməyə gələn 23-24 yaşlarındakı tələbəyə.Hər dəfə onun dərsi olanda məktəbi ələk-vələk eləyib onu axtarıb tapır, o sinifə gəlib çatana qədər yanında gəlirdim.Bu mənimçün əsl xoşbəxtlik idi.Hətta hərdən elə xəyallar qururdum ki...Guya biz evlənmişik, uşaqlarımız var,xoşbəxt həyat yaşayırıq.Bu xəyalları çox vaxt yatanda qururdum,onların köməyiylə yastığımı qucaqlayıb yuxuya gedirdim.Ya da...
Ya da yaş fərqimizi xatırlayıb ümidsizliyə qapılırdım,amma bu mənim həyatın qanunlarına qarşı mübarizəmi səngitmirdi.Mən həyatın qanunlarına onlara rəğmən istədiyim həyatı yaşamağa cəhd etməklə mübarizə aparırdım.Və bu mübarizəmin mükafatı olan saf duyğuları qazanmışdım.Hər nəqədər cavabsız olsalar da, o duyğular qızıldan milyon qat daha dəyərli idilər.
Təkəbbür kimi görünsədə,mən girdiyim mübarizələrin əksəriyyətində qalib gəlmişəm.Bilirsiniz niyə? Çünki mən mübarizəmə inanmışam. Mən silahdaşlarıma-dostlarıma, sevgililərimə, valideynlərimə, müəllimlərimə,həyata,düşmənlərimə,rəqiblərimə,şəraitə,Zamana baxmayaraq mübarizə aparmışam. Döyüşə girəndə bayraq kimi arzularımı,ümidimi və sevgimi tutmuşam.Bu mənim həyat devizimdir:Sevgi,ağıl,cəsarət və iradə insanı insan edən amillərdir.Onlardan biri olmasa, insan yarımçıq olar.Biz ,özümüzü,əzizlərimizi,millətimizi sevməli,onun durumunu,getdiyi yolu və bu yolu dəyişməyin yolunu görməli, bu yolla getməyə cəsarət etməli və zamanın, məkanın təzyiqlərinə rəğmən qalib gələnə qədər dözməliyik. Mənim mübarizəm bizi-içimizdəki insanı,bizə qazandırmaq uğrundadır.