O, sahildə oturub əlindəki şüşəylə qumun üstündə ürək şəkli çəkir, içində “N+Ə” yazırdı. İşini bitirəndən sonra sevinir, uşaq kimi atlanıb-düşürdü. Bu, hardasa 30 saniyə çəkirdi. Bundan sonra susub təxminən 10 saniyə fikrə gedir. Sonra isə əlindəki şüşəni bərk-bər sıxıb ağlayırdı. Bax, bu vəziyyətdə mən müdaxilə eləyirdim. Birtəhər barmaqlarını aralayıb ovcunun içindəki şüşəni atıb, onu qucaqlayırdım. O qanlı əllərini belimə düyünləyib hardasa 1 dəqiqə ağlayırdı, sonra üzümə baxıb oyuncaq görmüş uşaqlar kimi ümidlə gülürdü. Əlimi tutub “Bəs deyirdin ki, Allah yoxdu? Gördün, o bizi gördü!? O gördü ki, mənə sənsiz çətindir, ona görə səni yanıma gətirdi!” Bu sözlərdən sonra əlimi, üzümü, boynumu öpüşlərə qərq edirdi. Bundan sonra əlinin qanını şalvarına sürtür, ayağa qalxıb əlimdən tutur, məni evinə aparırdı.
Yol boyu da eyni hekayələri danışırdı. Uşaq vaxtı ərik ağacından qarnı üstündə çəpərə yıxılmağından, məktəbdən mənə yazdığı məktubun direktorun əlinə keçdiyi üçün qovulmağından, tarladakı görüşlərimizdən, məndən ötrü Əlisa dayının iki oğlunu əzişdirməyindən o qədər danışmışdı ki, hadisələri yaşamasam da, hər hekayəsinin sonundakı “yadına gəlir” sualına heç bir vicdan əzabı çəkmədən, tərəddüd etmədən “hə” cavabı verə bilirdim, amma yenə də onun növbəti hekayəsini səbirsizliklə gözləyirmiş kimi gözlərimi onun harasa uzaqlara baxan gözlərinə zilləyib susurdum. O da mənə baxıb fərəhlənir, həmin fərəhlə daha uca səslə, daha böyük ehtirasla danışırdı. Hər dəfə növbə o gün haqqında hekayəyə çatanda biz onun evinə çatırdıq. Dərhal üzü qızarır, əlimi buraxıb qaça-qaça evə girib “ana, ana, Əlif qayıdıb” deyə çığırırdı. Hər dəfəsində anası səbrlə onun sevincdən kəkələdiyi sözləri dinləyir, sonda isə səbrinin ona verdiyi mülayim və təmkinli səslə deyirdi ki,”ana qurban, Əlif ölübe, qayıda bilməz!” Bu sözü eşidəndə o, əsəbləşir, əlinə keçən qab-qacağı yerə atıb sındırırdı, sonra isə hikkəylə qapını çırpıb yanıma gəlir,”fikir vermə, Əlifim, arvad qocalıb, başına hava gəlib!”-deyib əlimdən tutub məni kəndin qurtaracağındakı palıd ağacının yanına aparıb ağacın üstündə cızdığı ürəyi və içindəki “N+Ə” yazısını göstərir, mənə o yazının tarixçəsi barədə bir hekayə uydururdu. Sonra əlimdən tutub deyirdi ki, “Sən mənim Əlifimsən. Sən mənim həyatımın əlifisən. ”Mən də zarafat üçün dodağımı büzüb tərs-tərs üzünə baxıb deyirdim ki, ”onda həyatının lamı kimdi?” Bundan sonra əsl komediya başlayırdı. Yazıq başlayırdı and-aman eləməyə ki, “vallah mənim həyatımın tək hərfi sənsən, başqasını da istəmirəm.” Biraz da naz eləyəndən sonra hirslənir qolumu dartıb qışqırırdı ki, ”səndən başqasına baxa bilər bu gözlər?! Baxsaydılar, 2 il sənin yolunu gözləyərdilər?!” Daha sonra cibindən mismar çıxardıb ağaca yeni ürək və N+Ə çəkirdi. Bəlkə də mən bütün günümü onunla birgə ona görə keçirdirdim ki, sabah bu ağacın gövdəsinə çəkdiyi yeni sənət əsərinə nə tarixçə uyduracağı ilə maraqlanırdım. Artıq məktəb illərini bitirmişdik. Nə isə,onun gündəlik “yaradıcılığından” sonra barışırırdıq. Barışandan sonra əlimdən tutub məni harasa aparmaq istəyirdi, amma hər dəfə yol yadından çıxırdı. Beləcə deyinə-deyinə məni evəcən ötürürdü. Bu 11 gün ərzində dəyişən təkcə palıdın üstündəki yazıların sayı və onlara uydurulan yeni-yeni tarixçələr idi. Bir də bu gün yaşadıqlarımdan başqa. Qapının gözlüyündən baxanda əvvəlcə gözümə inanmadım, amma həmin təmkinli və mülayim səsi eşidəndən sonra bunun o olduğuna dair mənə heç bir şübhə qalmadı. Bu Nicatımın anası idi. Qapını açdım, içəri keçdi. Ədəb-ərkanla görüşüb üzümdən öpdü, sonra mənim dəvətimlə qonaq otağına keçib divanda oturdu. Mən çay süzməkçün mətbəxə keçmək istəsəm də, tez gedəcəyini bəhanə edib buna imkan vermədi. Məni divanda yanında otuzdurub sözünə başladı:
- Qızım adın nədir? - Fatma. - Kimlərdənsən? - Gövhər müəllimənin nəvəsiyəm. - Hə, onu tanıyıram - Gözünü tavana dikdi - 1980-ci ildən ta o rəhmətə gedənəcən iş yoldaşı olmuşuq. Adım Elnarədi. Məkanı cənnət olsun, insan adam idi! Uşaqlarımıza dərs deyib vaxtıykən. Nicata baxma, qardaşlarının biri “Narxoz”-u qurtarıb, o biri də MDU-nu... Bu ciyəri yanmış o vaxt Əlifə qurşandı. Ona görə məktəbdən də qovdular, avara qaldı. - Bilirəm, danışıb mənə. Olar, sizdən bir xahiş edim? - Buyur, qızım. - Əlif barədə danışın da, mənə. - Əlif? - Elnarə xalanın üzündə tərəddüd cizgiləri görünməyə başladı. O susdu, amma sükutu elə də uzun çəkmədi. Təxminən 5 dəqiqədən sonra dərin ah çəkdi və dilləndi:
***
Elnarə xalanın danışdıqlarını eşidəndə əvvəlcə kədərləndim. Hətta ”O ki buna layiq deyildi, belə zülm nəyə lazım idi axı” deyə Tanrıya üsyan da etdim. Yataq otağıma girib çarpayıya uzandım və yastığımı qucaqlayıb ağladım. Elə ağlaya-ağlaya da yuxuya getdim. Oyananda əvvəlcə elə bildim ki, səhər yaşadıqlarım da yuxudur. Saata baxdım; artıq əqrəbləri «6» rəqəminin üstündə görüşmüşdülər. Deməli, Nicat artıq evinə qayıdıb. Bunu düşünmək belə içimi daraltdı. Əynimi geyinib qapıdan çıxmağa hazırlaşırdım ki, güclü yağış yağmağa başladı. Sanki təbiət də məni sıxmağa başlamışdı. Paltom yox idi, odur ki , təbiətlə mübarizə aparmaqdan vaz keçib evdə oturdum. Televizoru yandırdım - elə birinci kanaldaca saxlayıb gözümü ekrana dikdim. Təsadüflər nəticəsində yaranan sevgidən bəhs edən köhnə sovet filminə baxmağa başladım. Təxminən saat yarımdan sonra film bitdi. Filmin son səhnəsindəki Yevgeniy Lukaşinlə Nadejda Şevelyovanın qucaqlaşma səhnəsi məni xəyallar aləminə apardı. Bir anlıq Nicatı normal oğlan, Nicatla məni isə xoşbəxt ailə kimi təsəvvür elədim. Və düşündüm ki, Nicat normal olsaydı, nə mən onu sevə bilməzdim, nə də o mənə bu qədər yaxın olardı. Yəni, bizim sevgimiz yalnız bu iki ziddiyyət sayəsində möhkəmlənib. Deməli, mən bu xoşbəxtliyimi onu qoruyan bədbəxtliyimə borcluyam. Qəribə səslənir, amma belə görünür ki, həqiqət məhz budur. Əslində mən onun məni yox, Əlifi sevdiyini də başa düşürəm. Daha doğrusu, bunu hələ ilk gündəncə anladım, amma susdum. Çünki mənim Əlif olmağa ehtiyacım var idi. Bu dünyada gedəcək bir yerimin, üzünü görəndə gülümsəyəcəyim bir şəxsin olmağı üçün mən Əlif olmalıydım. Elə bunu düşünürdüm ki, qapı döyüldü. Elə qapıya tərəf gedirdim ki, qəflətən göy guruldadı. Gurultudan diksinib yerə yıxıldım. Yenidən ayağa qalxmaq istədim amma topuğumdan elə bir sancı tutdu ki, yerimdən qımıldana bilmədim. Ağrıdan sızıldamağa yeni macal tapmışdım ki, pəncərənin açıldığını duydum. Əyilib pəncərəyə tərəf baxmaq istəmişdim ki, qarşımda Nicatı gördüm. O, əvvəlcə ifadəsizcə mənə baxıb susdu, sonra isə üz ifadəsini dəyişmədən gözlərimin içinə baxıb soruşdu: - Əlifim, sən də göy gurultusundan qorxursan? – Sonra isə üzünü çevirib aşağı səslə: - Mən də... - Doğrudan? Bəs, bura necə gəldin? - Bilmirəm - Çiynini çəkdi, sonra isə 4-5 dəfə təkrar elədi -bilmirəm. -Darıxmışdın məndən ötrü? -Hə, niyə qapını açmadın bayaq? -Yatmışdım, eşitməmişəm. Bağışla. Olar? - Hə,inanmadın ki ona? - Kimə? - Anama... O Elnarə var ee... Həmişə qışqıran... - Yox, inanmadım. - Bilirdim, bilirdim - yumruğunu tutub tullana-tullana otağın o başına getdi. Sonra isə eyni tərzdə yanıma yaxınlaşıb sevinclə gözlərimin içinə baxdı. Bir müddət - hardasa 5-10 saniyə belə durandan sonra birdən özünü yığışdırdı - Əliylə çiynimə yavaşca toxunub “çox sağol!” deyib getdi. Mənsə bir müddət donub qaldım. Sonra isə axsaya-axsaya Nicatın gələndə açdığı pəncərəni və gedəndə bağlamadığı qapını bağladım. Qapını bağlayandan sonra içimə elə bir ağırlıq çökdü ki, tərpənə bilmədim. Elə yerimdəcə aşağı çöküb ağlamağa başlamışdım ki, pəncərənin sağ kənarında taqqıltı səsi eşitdim. Yaxınlaşdığımda pəncərə açılıb divara çırpıldı. Şüşələr çilik-çilik oldu. Diksinib geri atıldım. O isə astaca pəncərənin çərçivəsindən tutub içəri girib soruşdu: - Əlifim,niyə ağlayırsan? -Heç, Nicatım. Sevincdən gözüm yaşardı. - Sevincdən? - birdən Nicatın gözləri parıldadı - Anan xeyir-dua verdi? - Yox, sən məni görməyə gəldin deyə sevindim də - Bunu eşitcək Nicat düz gözlərimin içinə baxıb dedi: - Yalan danışırsan. Həm təkcə sən ağlamırsan ki, göy də ağlıyır. Siz ikiniz də məndən nəsə gizlədirsiniz - Bunu deyib məni itələdi və cəld bayıra çıxıb uzağa qaçdı. O gün Nicat məni ilk dəfə soyuqda qoyub getdi. Həm bayırdakı soyuq, həm də içimdəki şaxta mənə gecəni yatmağa imkan vermədi. Bütün gecənin “o haqlıydı” deyə sayıqladım. Bəli, o haqlıydı-səma və mən ondan bir sirr saxlayırdıq. Bu sirr Fatma adlı bir bədbəxt qadının həyat hekayəsiydi. O hekayə ki, bədbəxtlikdən başlayıb bədbəxt xoşbəxtliklə davam edirdi. O hekayə ki, öz içində yeni bir hekayə yaratmışdı. O hekayə ki...
***
Həmin gün səhərə yaxın oyandım. Daha doğrusu, yerimdən dik atıldım. Gördüyüm yuxu məni elə qorxutdu ki, ayılandan sonra 10-15 dəqiqə özümə gələ bilmədim. Sonra yavaş-yavaş anladım ki, nə bura o uçurumdu, nə də mənim üstümə daş yığılıb. Amma anlamağım mənə kömək ola bilmədi. Odur ki, özümə gələn kimi yastığımı qucaqlayıb hönkür-hönkür ağladım. Necə ola bilər ki ,orada olmaya-olmaya Əlifin keçirdiyi hissləri belə dəqiqliklə keçirə bildim? Olmaya mən elə doğrudan da Əlifəm? Nə sarsaqlayıram ee, Əlif ölüb, özü də 4 il bundan qabaq. Mən o vaxtlar yoldaşımla yer şumlayırdım. Dayan, görüm... Yox, o vaxt mən hamiləydim deyə Həmid mənə iş görməyə icazə vermirdi. Sakitcə zəminin kənarındakı palıd ağacına söykənib Həmidimə baxırdım. O da arabir üzünü çevirib mənə baxırdı. Bir saniyədən sonra qımışırdı. Mən də... Bəlkə, Nicat Həmidin xəyalıdır? Bəlkə Nicat yoxdur? Bəlkə onu mən uydurmuşam? Bəlkə də bu bir işarədir. Hə, 100 faiz işarədir. Yuxularım mənə Əlifin bədənimdə yenidən doğulduğunu işarə etmək istəyir. Lənət Şeytana, deyəsən dəli oluram. Təcili hər şeyi Nicata danışmalıyam, yoxsa mən də onun kimi... Yox, elə səhər tezdən görüşəndə ona hər şeyi danışacam. Elə bunu düşünürdüm ki, qonaq otağında tıqqıltı və deyinti səsi eşitdim. Artıq qorxmadım, çünki Nicatın bu cür ziyarətlərinə öyrəşmişdim. Sakitcə qonaq otağına keçib otağın işığını yandırdım. Nicat deyinə-deyinə şüşə qırıntılarını yaxınlaşdırır, sonra onları leykoplastrla pullara yapışdırırdı, qaldıranda şüşələr tökülür, onlar töküldükcə Nicat hirslənirdi. Yanına yaxınlaşan kimi üzündən öpdüm. Məni görcək sanki əsəblərini unudub üzümə qımışdı: - Əlifim, bağışla, bayaq şüşəni sındırdım. Qorxdum ki, ildırım səni yandırar. - İldırım?- Elə bunu soruşmuşdum ki, birdən göy guruldadı, bir saniyədən sonra isə şimşək çaxdı. - Hə, ildırım. Gündüz dayı yadındadı? Mantyor. Onu ildırım yandırmışdı da. - Şimşək vurmuşdu, hə? - Hə. - Gəldim, şüşəni düzəldim ki, ildırım səni də yandırmasın. Bu yerdə məni gülmək tutdu. Özümü birtəhər saxlayıb soruşdum: - Şüşəni elə düzəltmirlər ki? - Nə bilirsən? Ana dedi ki, şüşəni pulla düzəldirlər. De, bu pulları verdi ki, səhər şüşəni düzəldim. Amma düzəlmir. Bəlkə şüşə ancaq səhər düzəlir? Başını əyib, gizlincə mənə baxıb xısın-xısın gülürdü. Hərdən cəsarətlənib yavaşca ayağa qalxır, saçlarıma tez-tələsik sığal çəkib yerinə qayıdırdı. Sonra yenidən astaca yaxınlaşıb, sığal çəkir dərhal da yerinə qayıdırdı, sonra yenə... Üzü qızarırdı, gözlərini sağa-sola qaçıra-qaçıra gülürdü. Bayırda yenə leysan yağırdı. Ona görə Nicatı bayıra buraxmadım. Döşəyi götürüb Nicata yer düzəltmək üçün qonaq otağına qayıdanda Nicatı rəngi ağarmış halda əlində vəsiqə güzgünün qarşısında gördüm. Deyəsən, əlində tutduğu mənim şəxsiyyət vəsiqəm idi. Bir neçə saniyə belə dayandı, sonra isə üzümə baxıb gülə-gülə dedi: - Əlifim, bu şəklə bax, elə bil sənin əkizindi. Pəncərənin qabağında tapdım. Əvvəl elə bildim ki, sənsən, sonra gördüm ki, şəkildəkinin adı Fatmadı. Bunu eşidəndə sanki içimə bir sel gəldi. Bir anlıq elə bildim ki, bu dəqiqə öz içimdə boğulacam. Birtəhər özümü toplayıb sözə başladım: -Nicat, bilirsən, o şəkildəki mənəm. Bunu eşitcək Nicat qaşlarını düyünləyib soruşdu: - O necə olur ki, sənin adın həm Əlif, həm də Fatma olur ?! - Dayan sənə başa salım. Əslində Əlif 4 il bundan qabaq ölüb. Mən Əlif deyiləm. Mənim adım Fatmadır. - Ola bilməz! Sən, sən....Sən mənim Əlifimsən. Yox, ola bilməz! Yalan deyirsən! Əlif ölməyib! Mən... - Nicat, qulaq as. Əslində hər şey başqa cür olub. İmkan ver, qoy hər şeyi başdan danışım. Əlif o qəzada öldü. Mən... *** Həqiqəti deməyə gücüm çatmadı. Onun o inamını görəndə mənim həqiqətə şübhəm yarandı. Onun o inamı mənə əsl həqiqəti unutdurub yalandan uydurduğum hekayəni həqiqət kimi danışmağa vadar elədi. Ona o qəzada ölmədiyimi, sadəcə Bakıya getdiyimi, orada “yaşadıqlarımı” danışdım. Guya qəzadan sonra 4-5 gün huşsuz qalmışam, ayılanda kəndə gəlmişəm, amma burada ailəmin öldüyü haqqında xəbərlər eşitmişəm. Burada onlarsız yaşaya bilməyəcəyimi anladığıma görə şəhərə getmişəm. Orada başqasına ərə getməyə məcbur olmuşam. Həmən adam da məni başqasına satıb. Həmən “başqasını”da öldürdüyümə görə axtarışdayam. Polis məni tutmasın deyə də adımı dəyişib saxta vəsiqə almışam. Kəndə də gizlənmək üçün gəlmişəm. ”Yaşadıqlarımı” bitirəndən sonra gözümü yerə dikib susdum. Üzünə baxmağa cəsarətim yox idi. Amma o mənə hələ də əzab verirdi. Onun yalanlarımdan təsirlənib ağlamağını eşitmək mənim üçün ən böyük cəzaydı. O, mənə bircə dəfə də olsun sual vermədi. O mənə, yalanlarıma sözsüz inandıqca mən həqiqətə şübhə edirdim. Deyəsən, mən də onun dünyasına köçürəm. Az sonra onun göz yaşları durdu. Bir müddət sakitcə oturdu. Sonra əlimdən tutdu, düz gözümün içinə baxıb dilləndi: -Bir də heç vaxt tək qalmayacaqsan! Bu sözü eşitcək qəflətən nəfəsim daraldı. Sanki içimə məni batıracaq sel gəldi. Başımı onun sinəsinə qoyub “sel”i daxilimdən azad etdim. Bir də ayıldım ki, artıq 2 saat keçib, o isə elə bayaqki kimi gözünü pəncərəyə dikib. Gözündə ilişib qalmış bir damla yaş onun mənim haqqımda düşündüyündən xəbər verirdi. O, məni sevirdi. O, məni tanımadan sevirdi. Heç adımı da bilmirdi, amma ona hər kəsdən yaxın idim. Bəlkə də o məni tanıyırdı, məni tanımayan elə özüm idim. Bəlkə də mən öz adımı düz bilmirdim. Bəlkə də mən doğrudan da Əlif idim. Elə bu anda qapı döyülməyə başladı. Qapının səsini eşitcək Nicat yerindən dik atıldı. Mənsə onu sakitləşdirib qapını açmağa getdim. Heç otaqdan çıxmağa macal tapmamış Elnarə xalanı qapının qarşısında gördüm. Qorxmuşdu. Nicatı yanımda görəndə qəzəbləndi. Üzünü Nicata tutub əllərini yelləyə-yelləyə qışqırmağa başladı: - Hələ də başa düşməmisən? Bu, Əlif deyil! Əl çək camaatın yaxasından! - Ana,əslində bu Əlifdi, sadəcə adını dəyişib. Bilirsən nə olub? - Heç nə olmayıb! Əlif ölüb! Gəl gedək sənə onun qəbrini göstərim! Gəl! –Elnarə xala Nicatın qolundan darta-darta onu apardı. Mənsə, dallarınca qaçdım. Qəbristanlığa, ordan da onun qəbrinə çatdıq. Anası qəbrin üstünü ucadan oxuyub üzünü Nicata çevirdi: - Məmmədquliyeva Əlif! Gördün ? O ölüb, bu da onun qəbridir. Nicat üzünü mənə çevirib sual dolu nəzərlərlə gözlərimin içinə baxdı.
- ***
O, yenə mənə inandı. Anası qəbri göstərəndə Nicat üzünü mənə çevirib göz vurdu, sonra isə qəflidən məni itələyib “sən Əlif deyilsən, yalan deyirsən!”deyib qaçdı. Anası isə heç üzümə də baxmadan oğlunun ardınca qaçdı. Mənsə Əlifin məzarının qarşısında tək qaldım. Özümü ilk dəfə idi ki, belə hiss edirdim. Sanki kənardan durub öz məzarıma baxırdım. Bəlkə də bu elə mənim məzarımdır. Əlifliyimdə ölən Fatmanın məzarı. Nicatı görəndən sonra Fatma ölmüş, Əlif yenidən doğulmuşdu. O anda anladım ki, Fatma Həmidin qara kağızı gələn gün ölüb. Sanki biqeyrət qayının, acıdil, sözbaz qayınananın verdiyi əziyyətləri mən çəkməmişəm. Elə həmişə o gülərüz, saf, şirindil Əlif olmuşam. Özümü unudub sevgimi yaşayırdım və getdikcə bu həyatımı daha da çox sevirdim. Artıq qonşuların mənə yazıqları gəlirmiş kimi baxmaqları, arxamdan “yazıq qız həyatını məhv eləyir” deməkləri vecimə də deyildi. Çünki Həmiddən sonra mən ilk dəfə dünyamı sevməyə başlamışdım. Nə yalan deyim, hərdən düşünürdüm ki, mən də Nicata bənzəməyə başlamışam. Artıq mən də onun kimi şüşəylə qumun üstündə ürək şəkli çəkir, içində “N+Ə” yazırdım. Mən belə edəndə o, artıq şüşəni ovcunda sıxıb əlini qanatmırdı, əksinə, məni tənbeh edirdi ki, şüşəylə ehtiyyatlı rəftar eləyim. Rəsm əsərlərimizi bitirəndən sonra qucaqlaşıb ucadan gülüşürdük. Sonra o, əlimdən tutub qulağıma “Əlifim, bir də heç yerə getmə!” pıçıldayıb dərin fikrə dalırdı və 10-15 dəqiqə dinmirdi. Artıq 10-15 gün idi ki, bu ssenari əvvəlki kimi tam qüsursuz təkrarlanırdı. Nəhayət, dünən o, sükutu pozaraq ssenaridən kənarlaşdı. Biz sahildə oturub Nicatın səssizliyini dinləməkdə ikən qəflətən leysan yağmağa başladı. Bir-iki dəqiqə sükutunu bu şəraitdə davam etmək istədi, amma sonra başını qaldırdı və heyrətlə göydən gələn damlalara baxdı. Sanki yağışın damlalarını həyatında birinci dəfə görürdü. Bir az belə baxandan sonra üzünü mənə çevirib dedi: - Görəsən buludlar da insanlar kimidi? - Nə mənada? - Bəlkə onlar da bizim kimi sevinəndə də ağlayırlar, ya necə? - Biz ki bir yerdəyik?! Buludlar niyə kədərlənsinlər?! Yəqin ki, elədir. - Doğrudan?–Bunu eşidəndən sonra sanki Nicatın vücuduna ayrı bir ruh girdi. Öz içindəki cavabı mənim dilimdən eşitcək Nicat sanki 10 yaşlı uşağa çevrildi - qəflətən dişlərini sıxıb möhkəm əl çalmağa başladı, sonra sahildəki xilasedicilərin nəzərinin ona tərəf yönəldiyini görüb özünü yığışdırdı. Bir qədər gözündəki parıltını dənizə tərəfə yönəltdi. Sakitləşəndən sonra isə üzünü mənə çevirib dedi: - Əlifim, evlənək? - Nə? Evlənək?.. – Bunu eşitcək çaşqınlığımı gizlədə bilmədim. O isə özünəməxsus əminliklə təkrarladı: - Hə də, evlənək! – Hamı elə eləyir. Görür, tanış olur, sevir, sonra da evlənir. Sonra onların uşaqları olur. Hə, uşaqları da olur. Əlif uşaqlarımızın adını nə qoyacağıq? - Nnnəbilim... Anan razıdır? - Anam? Deməmişəm... - Ona de, sonra evlənərik. - Hə, yaxşı. Onda mən gedim anamdan icazə alım, gəlim, sonra gedək evlənək, yaxşı? - Yaxşı... Ayağa qalxıb evə tərəf götürüldü. Üzümü çevirəndə artıq yoxa çıxmışdı. O, gedəndən sonra sanki dünya bütün çirkabıyla gözlərimi işğal elədi. Birdən birə gözümə bir neçə metr sağ tərəfdə oturub bayaqdan bizim haqqımızda danışan iki kişi dəydi. Solda isə qonşumuz Sara xala oturmuşdu. O, mənə baxıb başını sağa-sola yellədirdi. Bir anda səbrimin itdiyini hiss etdim və birdən-birə hönkür-hönkür ağlamağa başladım. Yaxşı ki, yağış yağır, gözümdən axan sirrləri torpağa qovuşana kimi müşayət edirdi. Yağış kəsənə kimi sahildə oturub ağladım. Sonra isə evə getmək üçün ayağa qalxdım. Ayağa qalxanda hiss etdim ki, gücdən düşmüşəm, amma birtəhər gücümü toplayıb evə tərəf yollandım. Əynimi dəyişib divanda oturmuşdum ki, o gəldi. Arxadan yaxınlaşıb gözümü bağladı, sonra isə gülə-gülə soruşdu: - Tap görüm, mən kiməm? - Hmm, qoy fikirləşim, Nicatım. - Hə, mənəm - sevincdən gülə-gülə əl çaldı, sonra isə birdən ciddiləşib soruşdu: - Hardan bildin? - Hardan biləcəm – bu saatda səndən başqa kim olur ki, evimdə? - Hə, düz deyirsən. Necəsən? - Yaxşıyam, sən necəsən? - Əlifim, bax, bizim şəkillərimiz, bir də mənə yazdığın məktublar. Hamısını saxlamışam, al səndə qalsın, uşaqlarımız böyüyəndən sonra onlara göstərərik. - Anana evlənmək istədiyimizi dedin? - Dedim. Dedim, o da... – Birdən deməməli olduğu sözü dediyini anlayıb barmağını dişlədi və susdu. - Nə dedi? - Anamı görmədim. Görmədim anamı. Yalan demirəm. Anam evdə yoxdur. Vallah, yalan demirəm –Bunu deyib cəld pəncərədən çıxıb qaçdı. Artıq mənə hər şey aydın idi. Anası məni gəlin görmək istəməmişdi. Bu gün məni görməyə gəlmədi. İlk dəfə gözlərim yol çəkir. İlk dəfə idi ki, ondan ötrü darıxıram. Üstəlik dünənki gedişindən də narahatam. İlk dəfədir ki, kimisə itirmək qorxusu ilə yaşayıram. Öz də ikinci dəfə itirmək qorxusu insanı lap öldürür. İki-üç saat qabaq Elnarə xala gəlmişdi. Nicatın mənə verdiyi məktubları oxuyurdum ki, qapının möhkəm və fasiləsiz döyüldüyünü eşitdim. Cəld gedib qapını açdım. Elnarə xala məni kənara itələyib bir-bir otaqlara girib baxdı. Nicatı axtardığını dərhal anladım, odur ki, səbrlə onun axtarışının bitməsini gözlədim. Bir neçə dəqiqədən sonra nəhayət ülyahəzrət üzünü mənə çevirib təntiyə-təntiyə soruşdu: - Nicat hanı? - Onu burda niyə axtarırsınız ki? - Guya bilmirsən? Bəsdi, özünü artistliyə vurma! Uşağın beynini doldurmusan, o da gəlmişdi ki, Fatmayla evlənirik. Mən “olmaz” deyəndə də bura gəlib! De görüm hardadı oğlum? Bunu eşitcək qorxuya düşdüm. “Axı o hara getmiş ola bilər? Bəlkə o da Həmid kimi mənim ucbatımdan... Yox, ola bilməz. Mən ikinci dəfə bu ağrını yaşaya bilmərəm” Birdən başım fırlandı və huşumu itirdim.
(Ardı var)