(müxalifətçinin sevgi məktubu) Mən döyüşməyi sənə qovuşmaq üçün zamanla, özümlə, zaman-zaman dövlətlə, qayda-qanunlarla, bəzən nəfsimlə, göz yaşlarımla döyüşməklə öyrənmişəm. Mən dözməyi səninlə əl-ələ tutub polislərə müqavimət göstərməklə bacarmışam. Mən ümidi sənin gözlərindəki işartıdan öyrənmişəm. Mən səni sevərək ən böyük təzadı yaşamışam - “Azadlıq! Azadlıq” deyə-deyə azadlığımı ayağının altına sərmişəm. Rejimlə mübarizə apara-apara bütün varlığımı ən qəddar diktatora həsr eləmişəm. Mən Allaha qul olmamışam, dövlətə qul olmamışam, amma sənin qulun olmaqçün dəridən-qabıqdan çıxmışam. Hirslənmisən, üzünü çevirib getmisən. Qəlbimdəki ümidlərin soyqırımından heç xəbərin olmayıb, hər göz yaşının damlasında dünya adlı neçə siyasi məhbus yatır - xəbərin yoxdur. İnhisarçılarla döyüşmüşəm, söyülmüşəm, döyülmüşəm,amma sənsiz-varlığımın mütləq inhisarçısı olmadan alçaldığımı, alçaldıldığımı hələ xatırlamıram. Gözəlim, mən səni təmənnasız sevmişəm.
Sənsə... Əslində səni başa düşürəm. İllər insanın üz əzələlərini, hisslərini əlindən alır. Yaşlandıqca insanın üzü daşlaşır elə bil. Mimikalar adamın sözünə baxmır. Gülmək, ağlamaq, inanmaq, yaşamaq qədər çətin olur. Amma bunu dəyişə bilərsən. Sən də mənim kimi Əlahəzrət zamana qiyam qaldırıb sevə bilərsən. Bir əlinə ümidini alıb saatın əqrəblərindən qorunmaq, digər əlinə inamı alıb rəqəmləri, nişanları, təqvimləri parçalamaq sənin əlindədir. Bircə gözünü yum və köksünün zindanında yatan siyasi məhbusu, ürəyi ağlından və qorxularından qorumaqçün var gücünlə qışqır: A-ZAD-LIQ