1 Ekim 2011 Cumartesi

Çəhrayı Paltonun sehri


     Məncə, sevmək – “mən”i unudub özünü tapmaq, sevgini vərəqlərə köçürmək isə sevməklə yadda qalmaqdır. Ən azından kimsə oxuyub sənin özünü tanıyır. Yox əşşi, sizə nə fəlsəfə xırdalamaq fikrindəyəm, nə də bunu edəcək səviyyədəyəm. Mən də adi insanam. Odur ki, mən də yadda qalmaq istəyirəm. İstəyirəm mənim dünyamdan sizin də xəbəriniz olsun. Mənim dünyama günəş qışda, həm də yeraltında - metrostansiyanın peronunda gəldi. Yox, o, sizin təsəvvür etdiyiniz günəş deyildi, amma səni işıqlandırandan sonra onun kürə və ya insan olduğunun nə fərqi var ki?! Bəlkə də mənim günəşim onun özü yox, üzümə baxıb gülən gözləriydi. Düzdür, onlar sarı deyildi, amma gözlərimi qamaşdıran ilk şüa onun gözlərinin işıltısı idi. Mənim gözlərim ilk dəfə o qış, həm də metrostansiyanın peronunda qamaşmışdı. Üzümə güldü, sonra isə salam verib başını aşağı dikdi. Onda onun gözlərinin günəş olduğuna ikinci dəfə əmin oldum - bircə bərq vurmaqlarından məni tər basdı, istidən qızardım. Susdum və gözlərimi ondan çəkib “kölgədə gizləndim”. Qatar gəldi və biz ən son vaqona minib möcüzələr diyarına yola düşdük. Təəccüblü heç nə yoxdu – sevgi hər insana dünyanın əslində möcüzələr diyarı olduğunu xatırladan hissdir axı. Nə isə qatar hərəkətə gəldi və mən ürəklərində günəş daşıyan sehirbazlarla bir vaqonda düz 6 stansiya səyahət etdim. Qatardan enəndən sonra onlarla bir eskalatora minib cənnətə tərəf qalxdıq. İlk dəfə onda cənnətin də, cəhənnəmin də yerdə olduğunu hiss etdim. Buna siz tərəflərdə küfr deyirlər, biz tərəflərdə sehr. Nəysə, bizim getdiyimiz “cənnət” ingilis dili kursu idi. Bu meridian məni dünyanın əks qütbünə - “cənnətə” gətirmişdi. Dərs bitəndən sonra biz yenə yeraltı dünyamıza qayıtmalıydıq. Eskalatorla aşağı endikcə içimə hopan ayrılığın hər damlasını hiss edirdim. Elə bil cəhənnəmimlə cənnətimin arasındakı divardan damla-damla qorxu sızır və ruhumu doldururdu. Artıq növbəti stansiyada ayrılmalıydıq. Qatar hərəkətə gələn kimi zamana və məkana üsyan qaldırdım və son sığınacağım olan Tanrını köməyə çağırdım. İçimdəki uşaq var gücüylə və olan-qalan son damla ümidiylə ona dua etməyə başladı və... Bəli, Tanrı dualarımı eşitdi. Hərəkətləndiyi heç 2 dəqiqə deyildi ki, qatar qəflətən dayandı. Vaqonda deyib-gülən bütün sərnişinlər qatarın dayanmasıyla bir anda susub çaşqınlıqla bir-birini süzdülər. Görünür bu vəziyyətlə bircə mən və günəşim razı idik. Bir-birimizə baxıb xısın-xısın gülüşməyimizdən anlamışdım ki, Tanrıya dua edən tək uşaq mən deyildim. 10-15 dəqiqə sonra xidmətçilər gəlib qapıları açdılar ki, biz düşək. Görünür metroda işıqlar sönmüşdü. Düzdür, həmişə qaranlıqdan qorxmuşam, amma bu dəfə qorxmadım. Bəlkə də burda möcüzəvi bir şey yox idi. Yanında günəş olan qaranlıqdan niyə qorxsun ki?! Tunel sona yaxınlaşırdı. İlk dəfə idi ki, qaranlığın bitdiyinə üzülürdüm. Çünki “günəşli” qaranlıqdan sonra “günəşsiz” qaranlıq gəlirdi. Metrostansiyadan çıxan kimi evə getdi. Mənsə, mağazaya girdim ki, bir qutu siqaret alım. Küçəyə qayıdanda mən onun çəhrayı paltosunun sehrinin bir daha sahibi oldum. Mən küçədə gedən hər çəhrayı paltolu qızı o zənn edir, yaxınlaşıb üzünü görməyə çalışırdım. Demişdim axı, mən də adi insanam. Bir mənzərənin gözəlliyini onu itirəndən sonra görmək də hər insanın xislətində var. Artıq onu itirməyimdən 1 il ötüb, mənsə hələ yeni anlayıram ki, sən demə onu sevirəmmiş. P.S. Həyat ən orijinal sujetdir, çünki bəzən elə hadisələr olur ki, xəyalını da təsəvvür edə bilmirsən.

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | GreenGeeks Review