Bu monoloqu necə başlayacağımı bilmirdim.Hisslərim məni,mənsə hisslərimi boğmağa çalışırdım.Nifrət, kin,sevgi, ağrı, kədər,bir damla sevinc və ondan doğan ümid,intiqam arzusu,yorğunluq, qəzəb...Sanki ruhumun üstündə Şeytanlar və mələklə bir-biriylə vuruşurdular.Mən susduqca qələmim vərəqləri,vərəqlər isə dəftərləri yaralayırdı.Mən susduqca pianonun dilləri üstümə qışqırırdılar.Mən susduqca otağımın lampası qaranlığımın üstünə çapıqlar atırdı,mən susduqca xatirələrim, hisslərim,arzularım və kədərim danışırdı...
Nəhayət mən sükutu pozdum.Əlimə qələmi alıb ona “dur!” dedim,pianonun səsini kəsdim,otağın işığını söndürüb qaranlığı ölümdən xilas etdim,damarlarımı kəsib içimdə dolanan ölmüş hissləri azad elədim.Qanadlarımı kəsib lələklərimdən qələm düzəltdim.Qələmi qanıma batırıb ömür lövhəmi pentoqramarla doldurdum.Pentoqramların içində “heç nə əbədi deyil!” yazdım.Sonra huşumu itirdim və yerə yıxıldım.Gördüyüm son səhnəni Əzrayıl vərəqlərimə köçürdü.Canavar uçurumun üstündə durub aya serenada oxuyurdu.Onu saatın tıqqıltısı,küləyin vıyıltısı,ulduzların parıltısı və ruhun naləsi müşayət edirdilər,küləyin əmriylə uçuşan yarpaqlar bu melodiya ltında rəqs edirdilər,küçə fanarları bu melodiyanın ritmiylə yanıb sönürdülər.Sanki hər kəs mənim ölümü bayram edirdi.Bircə Əzrayıl və onu gözləyən tənha gözlərdən başqa hər kəs Küləklər şəhərində küləklərin təşkil etdiyi karnavalda idilər: Şeytan insan qəlblərini çəngəlinə taxıb ləzzətlə yeyirdi,mələklər ona baxıb vahimə içində ağlayaraq Allaha dua edirdilər,kefli küləklər şəhərboyu oyana-buyana var-gəl edirdilər,dalğalar meyxoş sahili tumarlayırdılar,saatlar nəsə zümzümə edirdilər,ulduzlar nazla onlara baxıb gülürdülər aysa canavarın serenadasına qulaq asa-asa xoşhallanırdı.Mənsə...Mənsə həsrətlə Əzrayılın monoloqu bitirməsini gözləyirdim...