Bu dəfə gözləməyə ehtiyac qalmadı,çünki elə birinci dərs bizə yenicə tədris olunmağa başlanacaq Statistika dərsi idi.Bu dəfə bu dərsin adı mənə sadəcə həyəcan yox,həm də yeni bir məqaləmçün ilham və mövzu verdi. Beləcə mən statistikanın subyekti olan rəqəmlər haqqında məqalə yazmağa qərar verdim.
Fransız yazarı A.De Sent Ekzyüperi rəqəmlərin həyatımızdakı rolunu özünün şah əsəri olan "Balaca şahzadə" əsərində belə ifadə etmişdi ki, "böyüklər ancaq rəqəmlərə inanırlar".Ordan yola çıxaraq deyə bilərik ki, rəqəmlərə hərislik insanlarda təzə yaranmayıb. Sadəcə bu hərislik fizikanın diliylə desək zamanla düz mütənasiblik təşkil edir. Yəni zaman keçdikcə insanların rəqəmlərə hərisliyi və bundan doğulan asılılığı artdıqca artır.Sarmaşıq kimi insanlığın vicdanına sarmaşıb onu rahat fəaliyyət göstərməyə qoymayan bu qeyri-rəsmi psixiki xəstəliyi numeromaniya adlandırmaq qərarına gəldim.Hətta ona tərif də verməyə çalışdım.Numeromaniya insanı nəfsiylə gözəl hisslərini basdıran xəstəlikdir.
Bu gün Numeromaniyanı bəşəriyyətin qlobal problemi hesab etmək olar.Düzdür, bu qlobal istiləşmə, HİV,H5N1,Çin qripi və s. problemlər kimi insanlığın bioloji sağlamlığına zərbə vurmur,amma dünyada gedən müharibələrin,sosial mərtəbələşmə və ondan qaynaqlanan sonsuz sayda psixoloji problemlərin əsasında məhz numeromaniya dayanır.Bunun qarşısını almaq qeyri mümkündür,çünki rəqəmlər həyatımızda onlardan vaz keçmək üçün həddən artıq böyük rol oynayırlar.
Əslində məntiqcə rəqəm say bildirən piktoqrafik simvollar toplusur.Lakin müasir həyatımız bu piktoqrafik simvollar uğrunda mübarizə aparmaqla keçir.İşimiz, dərsimiz, şəxsi həyatımız bu rəqəmləri çoxaltmaq üçün gedir.Bizimçün rəqəmlər hisslərimizdən də vacibdir.Rəqəmlərdən ötrü sevgimizdən, vicdanımızdan bəzən cəsarətimizdən və ağlımızdan, iradəmizdən, hətta imanımızdan da vaz keçə bilirik.Bu rəqəmə növbəti tərif vermək olar. Rəqəmlər insanın özünün yaratdığı ən kamil bütdür.Məni düzgün başa düşün, nə qədər kamil yaranmış da olsa o bütdür,yəni yanlışdır.Amma bizlər bunu nəinki tez-tez unuduruq,hətta heç xatırlamırıq da.Biz hətta Allah-Təalanın da sözündən çıxırıq amma rəqəmlərin...Əsla!Axı onlar"müqəddəsdirlər"!
Bəzən biz özümüz də rəqəmlərin qarşısında lazımsız oluruq.Biz onlara o qədər aludə oluruq ki,hərdən bizimçün rəqəmlər dünyadan da dəyərli olur.Və beləcə insan özünə, insanlığa və təbiətə zərər vurur.Rəqəmlər bizə kimi sevməyi,kiminlə dost olmağı,kimi tapdalamağı,kimi əzizləməyi əmr edirlər.Biz onların hökmüylə günlük,illik planlar qururuq. biz onun istəyiylə kiminsə önündə əyilə,kimisə önümüzdə əyə bilirik.Rəqəmlər bizi ağladır, güldürür,qürurlandırır,utandırır.Biz fərqinə varmadan hər şeydən çox onu sevib ona qarşı ehtiras bəsləyirik.Ey Allahın bəndələri, sizin xəbəriniz var ki, biz bizi yaradana yox, özümüz yaratdığımız bütə sitayiş edirik?