Bəzən məni anlamayan insanlara haqq verirəm,çünki çox vaxt heç özüm də nə istədiyimi anlaya bilmirəm.. Belə olanda mən özümə sual verirəm ki,görəsən niyə hər kəs məni bəxtəvər sayanda mən özümü bədbəxt,bədbəxt sayılanda isə bəxtəvər kimi hiss edirəm? Bu sərsəm dünyada 20 il boyunca çalışsamda, hələ də başa düşə bilməmişəm ki, mən bəxtəvərəm,ya bədbəxt.
Bəzən deyirəm ki, mən Allahın sevimli bəndəsiyəm.Bəli, mən bəxtəvərəm.Çünki mənə nə lazımdısa,təkcə mən yox,hər kəs mənimçün istəyir...
Mənim səbrim yoxdur.Neyləyirəmsə, bu səbr adlanan nemət mənə yaxın gəlmir.Nə nevroloq,nə psixoloq,nə psixoterapevt məni səbrli olmağa vadar eləyə bilməyib.Yox,onlar zəif mütəxəssis deyillər.Mənim ruhumda səbr yoxdursa, onlar neyləsinlər?!
Bu mənim bədbəxtliyimdir,bilirəm.ona görə hər gecə Allaha dua edirəm ki, ya mənə səbr versin,ya da...
Ya da məndən gözlərimi alsın.Alsın ki,millətimin dərinliyinə yuvarlandığı mənəviyyatsızlıq uçurumunu görməyim.Görməyim ki, oğlanlarımız kişi olmaqdan bezib qadın olmaq istəyirlər,qızlarımız biqeyrət oğlanların onların baldırına baxıb ağzının sulanmasıyla fəxr eləyirlər,qoca valideynlər canlarını qocalar evində,göz yaşı və intizarla verirlər, uşaqlarımız,cırtdan, qırmızıpapaq nağıllarını yox, pleyboy jurnallarını oxuyurlar, gənclərimiz intihara meyl edərkən tülkü və çaqqal taxt üstündə bir-biriylə savaşırlar .Mən kəsik-küsük qollar, çuxura batmış və qan çanağına dönmüş gözlərini mənə zilləmiş,gecəni ya parkdakı skamyalarda, ya da blokdakı pilləkanlarda keçirən insanları görmək istəmirəm.
Bir də qulaqlarımı alsın.Alsın ki,heç nə eşitməyim.Nə insanlığını itirənlərin ağlayan vicdanlarını,nə seçilməkçün millətə vədlər yağdıran siyasətçilərin yalanlarını,nə uşaqlarını aldadan valideynlərin nağıllarını,nə Tanrıdan sülh istəyən zavallı uşaqların məsum dualarını eşitmək istəmirəm.
Ya da...Ya da məni ürəyimdən məhrum eləsin.Mən atasının qəzəbindən qorxan uşağın qorxusunu,heç uğrunda ailəsi qırılmış zavallı ananın dərdini,imkansızlıq ucbatından övladlarını məktəbə göndərə bilməyən valideynlərin xəcalətini, xəyanət görən sevgilinin və ya dostun,bir gecədə bütün var-dövlətini itirmiş bədbəxt kişinin,övladını heç uğrunda qurban verən valideynlərin keçirdiyi hissləri duymaq istəmirəm.
Bilirsiniz,insanlar niyə mənimçün səbr diləyirlər?Ona görə yox ki, qayğıkeşdirlər.Xeyr,əsla!Onlar mənim rahat yaşamağımı yox, susmağımı istəyirlər.Doğrudur ki, onlar hər gün Allaha dua edib mənimçün səbr diləyirlər.Niyə?Çünki bu axmaq varlıqlar yalnız bir şeyi dərk edə bilirlər ki, susmaq istəməsəm, məni susdura bilməyəcəklər.Onların nəinki mənə, heç öz nəfslərinə də gücləri çatmır.Nəfsinə “dur!” deyə bilməyəninsə ruhu əbədi qaranlığa məhkumdur.Qaranlığa məhkum olunmuş bədbəxtlər bunun fərqinə ancaq mən danışanda varırlar.Onlar elə bilirlər ki, mən susanda bu ucu-bucağı bilinməyən qaranlıq onların ruhunu tərk edəcək.Zavallılar!!!
Yox, həsəd aparmağa dəyməz,çünki mən sizdən də bədbəxtəm.Heç olmasa siz yaşadığınızı zənn edib kor kimi ömür sürə bilirsiniz.Siz gülürsünüz,sevinirsiniz,qürurlanırsınız.Amma mən bacarmıram.Mən bu rəzillikləri görməyə, eşitməyə,duymaya bilmirəm.Axı mənim gözüm,qulağım və ürəyim var...