27 Kasım 2010 Cumartesi

Zamanın konsulu

Qaranlıq səma bu gecə buludları göy üzündən sürgün etmişdi.Onların yoxluğunda ulduzlar par-par parıldayır bu yolla öz qələbələrini qeyd edirdilər.Yer isə öz növbəsində küçə fanarlarının  sarı işıqlarıyla ulduzlara cavab verir, onların sevinclərini bölüşürdü.Mənsə bu görüş səhnəsinə baxıb sevgiyə və digər ülvi hisslərə inamımı qaytarmağa çalışırdım.
Bu məqsədimə çatmaqda  mənə ancaq sükut yardım edə bilərdi ki, onu da köhnə divar saatımın kəsmək bilməyən tıqqıltısı pozurdu.Hər dəfə xəyal qurmağa başlayanda onun tıqqıltısı diqqətimi  dağıdır,xəyallarımı yarıda bölürdü.Əvvəl susdum və ona fikir verməməyə çalışdım.Amma onu tıqqıltısı kəsmək bilmirdi.Nəhayət mən bundan bezib xəyal qurmağı dayandırdım.Amma saat tıqqıldamağa davam edirdi.Elə bil ki, o öz tıqqıltısıyla mənə nəsə deyirdi:
-Tık,tık,tık tık..
-Kəs səsini!-Mən saatın danışdığını görəndə əvvəl təəccübləndim sonra isə əsəbi halda onun üstünə qışqırdım. O,isə sakit səslə:
-Mən səsimi kəssəm, bilirsən nə olar?Tık,tık,tık,tık...
-Bilirəm! Diqqətim dağılmaz, mən də xəyal qura  bilərəm.
-Ehhh...Siz insanlar hamınız eynisiniz.Tık,tık,tık,tık...
-Eyni,yəni necə?-Onun bu tapmacalı sözü məni maraqlandırdı.
-Axmaq...Mən ona görə səs salıram ki, irəli gedirəm.Bəyəm siz səs çıxartmadan yeriyə bilirsiniz ki, bizdən də bunu istəyirsiniz? Tık,tık,tık,tık...
-Axmaq özünsən.Daha yavaş səs çıxarda bilməzsən?!
-Bu,mənim addımlarımın minimal səsidi. Tık,tık,tık,tık...Mən hər saniyədə dünyaya nə qədər səs salıram,bilirsən?O səsi otağına salsam, sən kar olarsan... Tık,tık,tık,tık... Özdə siz ona görə yavaş səs çıxarırsız ki, maksimum 100 kv.metr məsafəni gəzirsiniz, mənsə bütün dünyanı... Tık,tık,tık,tık...
-3 ildir ki, divarımda asılmış divar saatı deyilsən sən? Dünyanı necə gəzirsənki ?
-Gəl sən mənə barmaqarası baxma,mən zamanın sənin otağındakı fövqəladə və səlahiyyətli konsuluyam. Tık,tık,tık,tık...
-Zamanın konsulu? O necə olur?
-Sizdəki  kimi bizdə də konsulluqlar var. Tık,tık,tık,tık...
-Zaman dövlətdir ki,onun konsulluğu da olsun?
-Bəs necə... Tık,tık,tık,tık...
-Hmmm...Onda belə çıxır ki, mənim otağım da bir dövlətdir?
-Yox,sənin otağın məkan dövlətinin ərazisinə daxildir. Tık,tık,tık,tık...
-Məkan dövləti? Birinci dəfədir ki, belə bir şey eşidirəm.
-Fəlsəfə oxumusan? Tık,tık,tık,tık...
-Belə də... Biraz vərəqləmişəm.Nədir ki?
-Orada zaman və məkan terminlərinə rast gəlməmisən? Tık,tık,tık,tık...
-Həəəəə.İndi başa düşdüm.Zaman və Məkan  2 ayrı dövlətdir?
-Tamamilə doğrudur.Biz Məkan dövlətiylə belə razılaşmışıq ki, hər iki tərəf səfirlər və konsullar mübadiləsi aparsın. Tık,tık,tık,tık...
-Yaxşı, bəs məkanın zamanda hansı səfirləri və konsulları var?
-Saat qurşaqları haqqında yəqinki eşitmisən... Tık,tık,tık,tık...
-Çox maraqlıdır...Bir halda ki,sən zamanın konsulusan, olar sənə bir sual verim?
-İkisini ver. Tık,tık,tık,tık...
-Niyə zaman dəyişdikcə məkan da dəyişir?
-Zaman dəyişmir,dostum.Məkanı isə siz dəyişirsiniz. Tık,tık,tık,tık...
-Yaxşı o,niyə insanları dəyişdirir?
-Ay qardaşşş,zaman insanları dəyişdirmir.Zamanın buna gücü çatsaydı,məkan da dəyişməzdi.İnsan özü məkanı da, özünü də dəyişdirir,günahı bizim üstümüzə atır. Tık,tık,tık,tık...
-Belə başa düşdüm ki, zaman və məkan insandan narazıdır. Elədir?
-Təkcə zaman və məkan? Allah eşqinə,sizdən razı qalan bircə varlığın adını deyə bilərsən?Heyvanlar,bitkilər,mələklər,cinlər,Şeytan,hətta özünüz də özünüzdən narazısınız.Belə də yaşamaq olar? Tık,tık,tık,tık...
-O biriləri başa düşdüm,bəs Şeytan niyə bizdən narazıdır? O ki bu vəziyyəti yaratmaq üçün illərlə,əsrlərlə çalışıb?
-Sən heç Qurani-Kərim oxumusan? Tık,tık,tık,tık...
-Hə, oxumuşam.Onun söhbətə nə dəxli var ki?
-Allah-Təala ilə Şeytanın sövdələşməsinə görə qiyamət  gününə qədər Şeytan insanları haqq yolundan çıxartmağa çalışmalıydı.İndi elə vəziyyət yaranıb ki, qiyamət günü vaxtından əvvəl yetişə bilər.Şeytan da sizin kimi axmaqdır,ona görə də insanları bu vəziyyətə gətirib ki, indi özünün də ömrünə də az qalıb. Tık,tık,tık,tık...
-Hmm,maraqlıdır.Bəs qiyamət gününə az qalıb?
-Belə getsə,yox.Özü də nəzərə al ki, qiyamət gününün vaxtı sizin özünüzdən asılıdır.Əgər siz bir-birinizdən indiki kimi qaçmağa davam eləsəniz o, çox yaxında gəlib çıxacaq.Tık,tık,tık tık...
-O necə olur ki? Bizim bir-birimizdən qaçmağımızın qiyamətə nə dəxli var ki?
-Qiyamətin əlamətləri haqqında oxumusan?Orada yazılıb ki, qiyamət gəldiyi gün analar uşaqlarından,uşaqlar analarından qopacaq.İndi başa düşdün? Tık,tık,tık tık...

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | GreenGeeks Review