27 Kasım 2010 Cumartesi

Yeraltı dünyam

Bəlkə də 20 illik həyatım boyu bu günkü qədər qəribə gün keçirməmişdim. Əsəb, həyəcan, halsızlıq, sevinc, fəxr, dilxorluq.... Sanki bu gün 24 saatıma 86400 hiss sığışdıra bilmişdim. Elə bil ki, hər saniyəm məni 1 duyğuyla tanış edirdi.Yəqin ki, fortuna həyatımın monotonluğundan bezmiş və mənimlə  bir az oynamaq qərarına gəlmişdi. Əvvəlcə,universitetdəki birinci dərsimə gecikdiyimə görə biraz qanım qaraldı.Ardınca yenicə tanış olduğum qızın  ciddi bir səbəb olmadan pessimizmə qapılması da məni lap özümdən çıxartdı.Bir az sonra onun könlünü aldım və buna ürəkdən sevindim, dekan mənə dərsin yarısından  çıxıb evə  getməyə icazə vermədiyi üçün əsəbləşdim.
Dərsdə köhnə sevgilimlə yaşadıqlarımı yadıma salıb dərdləndim, yeni məqaləmi bitirməklə təsəlli tapdım. Psixoloqumla görüşüm təxirə salındı deyə dilxor oldum, onun katibəsiylə səmimiləşməyimdən məmnun qaldım,Çayxanaya gəlib dostlarımı tapdığıma görə sevindim, onları dinləməklə bilmədiyim bir çox şey öyrəndim. Bu qarışıq və yorucu günü yekunlaşdırıb   evə qayıdırdım ki, qəlbimdə yeni duyğular baş qaldırdı.Mən  əvvəlcə yalnızlaşdığımı, sonra isə bundan bezdiyimi, daha sonra  yalnızlığıma üsyan etdiyimi və ən  bu duyğularımın içində azdığımı hiss elədim. O qədər düşündüm ki, qatarı səhv salıb Azadlıq Prospekti əvəzinə, Həzi Aslanov tərəfə gedən qatara mindim. Bu hadisə bayaqdan  coşub-daşan duyğularıma daha bir neçəsini əlavə etdi. Əvvəla, səhv etdiyimi anladım. Bundan peşman oldum,Bu səbəbdən  bir az öz-özümə deyindim,və sonunda taleyimlə barışdım. Gözlədim və nəhayət qatar “Ulduz” stansiyasına çatdı. Qatardan endim, yenə hirsləndim,çünki, evdəkilərin narahat olacaqlarını anlayıb bundan narahat oldum. Sonra isə yenə vəziyyətlə barışdım.
         Bir az düşündüm, gözlədim və qərara gəldim ki, ətrafımdan həzz alım. Ulduz stansiyasının adı elə mənzərəsinə uyğun idi. Ulduz kimi tənha və yüksəkdə olan bu stansiya fəth edilməsi asan görünsə də, reallıq bunu təkzib edirdi. Eynən əsl ulduz kimi. Bir az daha düşündüm. Sonra niyə bu qədər düşündüyüm haqqında düşündüm və nəhayət bir çözüm yolu tapdım. Belə qarışıq duyğularla ancaq qələm-dəftər ikilisi bacara biləcəyini bildiyimdən, qərara gəldim ki, hər bir metrostansiyaya bir fəlsəfi anlam yükləyim.
         Birinci ağlıma gələn stansiya Azadlıq prospekti stansiyası oldu. Qərara gəldim ki, Azadlığa gedən yolu təhlil etməyə dəyər. Bu yolun başlanğıcı Həzi Aslanov igidliyidir. Sonra bərabərlik ideyası (Əhmədli) birlik (xalqlar dostluğu), fədakarlıq (neftçilər), incə duyğular (Qara Qarayev), xalqa yardım etmək ehtirası (M.Əzizbəyov), gözəllik (Ulduz), novatorluq (N.Nərimanov) təravətlilik (Gənclik), azadlıq arzusu (28 May), mənəviyyat (Nizami), bilik (Elmlər Akademiyası), əməksevərlik (İnşaatçılar), vətənpərvərlik (20 Yanvar), quruculuq (Memar Əcəmi), ilahi eşq (Nəsimi) insan azadlığa aparır. Amma bu yolla irəliləmək diqqət və ciddiyyət tələb edir. Çünki novatorluq düzgün istiqamətlənməsə,o insanı təravətliliyə yox, xəstəliyə aparır.(Bakmil) Azadlıq arzusunu düzgün tərbiyə etməsən, o insanı əhli keyfliyə (Sahil) yönələr ki, bunun sonunda isə hər şey əvvələ qayıdar. (İçərişəhər) Amma əgər sənin azadlıq arzun iradəsizdirsə (Cəfər Cabbarlı), onun sonu məğlubiyyətdir (Şah İsmayıl Xətai). Bunlardan sonra əmin oldum ki, fəlsəfə nəinki duyğularımı, bütün dünyanı mənalandırır.

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | GreenGeeks Review