27 Kasım 2010 Cumartesi

Dostuma....

Salam,dost! Bu gün sənə həmişəkindən daha uzağam.Düzdür,biz artıq eyni şəhərdəyik,amma binalarımızın arasında duran göydələnlər bizi bir-birimizdən elə ayırır ki, elə bil sən dünyanın o biri qütbündəsən.Elə bil səni və mədh etməkdən yorulmadığın şəhərini heç vaxt görməyəcəm.Bu hissin ağırlığını sözlə izah etmək mümkün deyil.Bəlkə də mümkündür.Tərəddüdümə son vermək üçün mən buna çalışacağam.
Buralarda yağış məni çox qorxudur,çünki,onun damlaları duzludur.Lap göz yaşı kimi.Bəlkə buludlar insanların göz yaşlarını içib? Bəlkə buna görə insanlar ağlaya bilmirlər?
            Deyəsən buraları qatı duman işğal edib.Yox,yox, bu duman deyil, tüstüdür,nikotin tüstüsü.Deyəsən,buludlar da insanlar kimi siqaretə başlayıblar.Bəlkə də siqareti çəkən buludlar yox,aydır.Axı,o tək-tənha darıxır.Lap mənim kimi.Görəsən insanlar haradadırlar?Bəs mən haradayam?Bura haradır?Mən bura necə gəlmişəm?
            Deyəsən azmışam.Nə gəldiyim yolu,nə gedəcəyim istiqaməti,nə də beynimdəki sualların cavabını bilmirəm.Düzdür,belə havada hamının cismi dumanda olur,amma deyəsən mənim cismimdən əlavə ruhum da dumanın içində azıb.Hara, niyə,hansı yolla gedəcəyimi,yolda nələrlə qarşılaşacağımı,ora çatanda nə hiss keçirəcəyimi bilmirəm.Azdığımdan başqa heç nə bilmirəm.Bir də bunu bilirəm.
            Uzaqdan qulağıma hənirtin və səsin gəlir.Deyəsən,sən də buralardasan.Amma səsin zəifliyindən bilinir ki,sən məndən çox uzaqdasan.Nəyəsə ümid edirsən,gülürsən,sevinirsən.Deyəsən,sən keçmişdəsən.Mənim keçmişimdə.Niyəsini bilmirəm.”Bunun səhvi kimdədi?” soruşsan,onu da bilmirəm.Bəlkə gələcəkdən qorxub keçmişdə gizlənmək əhvdir.Əgər bu belədirsə,səhv səndədir.Bəlkə də keçmişi basdırıb gələcəyə qaçmaqla mən səhv eləmişəm.Nəysə,günahkar axtarmaq zəiflərin işidir,bizsə zəif deyilik.Bəlkə də zamanın küləyiylə aşındığımız üçün biz nəinki zəifik,hətta insanların ən zəifləriyik.Bəlkə də mən buna sevinirəm.Bəlkə də məni ən güclü etmək səninlə birlikdə ən zəif olmaqdır.Yaxşı ki,mənim yanımdasan.
            Bəlkə də sən mənim yanımdasan.Bəlkə də yollar,binalar,şəhərlər və duman bizə yalan danışırlar.Bəlkə də yalançı olan bizim ürəyimizdir.
            Çox yoruluram,dost.Duman və zaman məni yaman yorur.Qafiyəli alındı,hə? Bu qafiyə də məni yorur. Bəlkə də məni yoran sənsizlikdir,bəlkə də bilgisizlik...Hər şeyi yenidəm,tanımaq və öyrənmək çox yorucudur.Bəlkə də buna görə təzə doğulan körpələr günün 20 saatını yuxuda olurlar.4 saatlıq kəşfiyyat onları o qədər yorur ki,bu yorğunluğu  20 saatlıq yuxu aradan qaldırır.İnsan böyüdükcə bildikləri və yorğunluğu artır,yuxusu azalır.Sən də yorğunsan? Bəlkə də mənim sualların və bəlkələrim səni o qədər yoracaq ki,məktubu oxuyub qurtarmamış yatacaqsan.
            Dünən yadıma cavanlığım düşdü.Nə gülürsən?Nə olsun ki,vur-tut 20 yaşım var? Çox qocalmışam.Yaddaşım itib,belim bükülüb,üzüm qırışıb.Düz deyirəm,yaddaşım itib. O gün evimə bir qonaq gəlmişdi.Daşdan evimə yoxe, qəlb evimə...(Hərgah indiki insanların qəlb evləri də daşdandır.)Xülasə,qapını döydü,açdım.Haradasa,12-13 yaşlı bir oğlan,bir qız uşağı məni görən kimi qucağıma atıldılar.Gözümü təəccüblə  üzlərinə zillədiyimi görüb soruşdular ki,”bizi tanımadın?Biz sənin övladlarınıq,sevgi və ümid.Yerini öyrənən kimi özümüzü yanına yetirdik.Necəsən?Yaman qocalmısan.”Vallah,nə qədər fikrləşdim,onları yadıma sala bilmədim.Axırda çıxıb getdilər.
Harada qalmışdıq?Hə,dünən cavanlığımı yad elədim.İşığı söndürdüm,çarpayıma uzanıb gözümü yumdum və gözlədim.Nəyi? Saatın səsinin kəsilməsini.Niyə?Xəyallarıma səyahət eləmək üçün.Kaş getməz olaydım.
Yox,onu tapdım.Həmişəki kimi evdə oturub kitab oxuyurdu.Güman elədiyim kimi məni bu görkəmdə görməyinə sevinmədi.Onun gözlədiyi qocalıq mən deyildim.
Nəysə,məni içəri dəvət elədi.İçəri gidim, qara,taxtası çürüməkdə olan yazı stolu arxasında oturub söhbət eləməyə başladıq.O,mənə hisslərini nəql elədi,mən ona yaşadıqlarımı danışdım.O,mənə keçmişimi xatırladırdı deyə mən onu diqqətlə dinləyirdim,amma mən ona öyrəndiklərimi danışanda o mənə inanıb dinlədiklərindən dərs almaq istəmirdi.Bundan bir az əsəbiləşdim.Aramızda qısa bir sükut hökm sürdü.Sonra isə yadıma bayaq evimə qonaq gələnlər düşdülər.Daha doğrusu,yadıma düşdü ki,onların kim olduğunu mənə ancaq cavanlığım xatırlada bilər.Odur ki, mən sükutu pozub ondan ümid və sevgi haqqında nə bildiyini xəbər aldım.
Cavanlığım mənim onları xatırlamamağımdan çox məyus oldu,sonraysa mənə onlarla tanışlığını rəvayət elədi.
Sən demə,onlar əkiz bacı-qardaş imişlər.Sən demə mən onlarla hələ uşaqlığımda,9 yaşımda tanış olmuşam.Sən demə,onları mənim qəlb evimə mələklər gətirib.Mən onları düz 15 yaşıma kimi tərbiyə eləmişəm,sonra onları sətirlərdə,misralarda gəzdirmişəm, 20 yaşımda isə onları evimdən bir oğru oğrulayıb.
Eşitdiklərimə çox təəccübləndim.Təəccüblənməli çox şey olduğuna görə təəccübümü hisslərə böldüm.Bir az övladlarımın saflığına,bir az özümün huşsuzluğuma,biraz axmaqlığıma,biraz zamana...Sən demə mən övladlarımı çox saf böyütmüşəm.Bəlkə də yaxşı eləmişəm,bəlkə də səhvə yol vermişəm.Bəlkə də övladlarıma gördüklərimi,eşitdiklərimi,oxuduqlarımı danışmalıydım.Bəlkə də danışmışam,amma onlar dinləməyiblər,ya da dərs almayıblar.Bəlkə də mənim cavanlığım onlara görə belə cavan,inadkar və gülərüzdür.Bəlkə də mən zamansız qocalmaqla səhv eləmişəm.
Bəlkə də bu peşmanlığım mənasızdır.Bəlkə də yox.Fikir ver, gör “bəlkə də”-lər nə qədərdirlər?Bəlkə də zaman müəlliminin bizə oxuduğu məruzə onları “ sən demə” yə çevirəcək.
            Dost,bilirsən suallarla cavabların fərqi nədədir? Suallar insanı yuxusuz qoyur,cavablarsa,əksinə,yuxuya verir.Bəlkə də körpələr buna görə günün 20 saatını yatırlar.Heç nə bilmədikləri üçün sualları yaranmır,amma sualı olmayan çoxlu cavablar alırlar ki, bu da onları yatızdırır.Vaxt keçdikcə suallarla cavabların nisbəti 1-cinin yerinə maksimum dəyişəcək və bundan da yuxusuzluq xəstəliyi yaranacaq.
Bəlkə də mən sənə təşəkkür eləməliyəm,çünki sayəndə bu gecə rahat yatacam.Bu məktub məni çox yordu.Sənə yazdığım məktub mənə özümü tanıtdı.Çoxlu cavablar aldım və bayaqkı dumanı ruhumdan qovdum.Bəlkə də sən mənim əsl dostumsan,çünki uzaqlarda olsanda,mənə çox kömək edirsən.Salamat qal,dost!

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | GreenGeeks Review